Fontu böyüt:
Azərbaycan poçt rabitəsi operatoru \\Azərpoçt\\ MMC 70 poçt filialını \\Western Union\\ pul köçürmələri sisteminə qoşub. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Poçt rabitəsi şöbəsinin müdiri, Regional Poçt Rabitəsi təşkilatında Poçt rabitəsi üzrə komissiyanın sədri Novruz Məmmədov bildirib.
Onun sözlərinə görə, martın 20-dək \\Azərpoçt\\un daha 100 poçt şöbəsi sistemə qoşulacaq.
Məmmədov bildirib ki, \\Western Union\\ sisteminə qoşulmaqla yanaşı Azərbaycan STEFI (Secured Transfer of Electronic Financial Information) pul köçürmələri sistemini də sınaqdan keçirir.
Onun sözlərinə görə, Azərbaycan regionda və MDB məkanında STEFI sistemini tətbiq edən və sınaqdan keçirən ilk ölkədir. Bu gün sistem Ukrayna istiqamətində sınaq istismarındadır.
O, bildirib ki, hazırda Dünya Bankı ilə birgə reallaşdırılan \\Maliyyə xidmətlərinin inkişafı\\ layihəsi çərçivəsində operatorun korporativ sisteminə \\Azərpoçt\\un 700 filial və şöbəsi qoşulub.
\\Azərpoçt\\ MMC əhaliyə maliyyə xidmətlərinin göstərilməsinə 2010-cu ilin ortalarından başlayıb. Operatora yeddi maliyyə xidmətindən beşi üzrə xidmət göstərilməsinə icazəsi verilib. Onlara poçt hesablarının açılması və idarə edilməsi, pulköçürmə, debit kartların emissiyası, müştərinin sifarişi üzrə valyutanın alış-satışı ilə bağlı əməliyyatlar aiddir. Bu il daha iki xidmətin - depozitlərin qəbulu və kredit kartlarının emissiyası məsələsinə baxılacaq.
Operator bank xidmətlərini avtomatlaşdırılmış korporativ-informasiya sistemi vasitəsilə göstərir.
Azərbaycanın bank sisteminə daxil olmaqla, \\Azərpoçt\\ bank bazarının oyunçularına ciddi rəqabət təşkil edəcək. Bu gün Azərbaycanın bank bazarında 44 bank fəaliyyət göstərir. Onların filiallarının ümumi sayı 644-dən çoxdur, halbuki \\Azərpoçt\\un poçt şöbələrinin sayı 1600-ü ötür.