Fontu böyüt:
Azərbaycanda mobil telefonunu və ya sim kartını başqalarına kirayə verən şəxslər cərimələnəcək. Milli Məclis İnzibati Xətalar Məcəlləsinə edilmiş belə bir əlavəni təsdiqləyib.
Məcəlləyə edilmiş əlavə ilə bağlı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov məlumat verib. Ə. Hüseynov bildirib ki, belə bir əlavənin edilməsi təhlükəsizlik baxımından böyük əhəmiyyət daşıyır.
Əlavələrə əsasən mütəmadi gəlir əldə etmək məqsədilə abonentin identifikasiya modulunun (sim kartlar və s.) və ya mobil telefonunun başqa şəxslərə verilməsinə görə yüksək məbləğdə cərimə nəzərdə tutulur. Belə ki, parlament tərəfindən təsdiq olunmuş maddəyə əsasən belə hal baş verdikdə fiziki şəxslər 300 manatdan 500 manatadək, vəzifəli şəxslər 1000 manatdan 2000 manatadək, hüquqi şəxslər isə 3000 manatdan 5000 manatadək cəirmə olunacaqlar.
Mənbə: APA