Fontu böyüt:
Bakı şəhər Baş Təhsil İdarəsi (BBTİ) sentyabrın 8-də “Ötən tədris ilini bir baxış” adlı illik konfrans keçirəcək. BBTİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Zəminə Əliqızının verdiyi xəbərə əsasən, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında baş tutacaq tədbirdə təhsil naziri Misir Mərdanov, BBTİ-nin direktoru Nailə Rzaquliyeva və “Ən yaxşı məktəb”, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibləri və digər təhsil mütəxxəssisləri, təhsil ictimaiyyəti nümayəndələrinin iştirakı planlaşdırılıb.
İl ərzində Bakıda 29 şagirdə 1 kompyuter nisbətinin qəbul olunduğunu və məktəblərin sürətlə internet şəbəkəsinə qoşulduğunu deyən Z.Əliqızı bildirib ki, bu dəfəki konfrans digərlərindən fərqli olacaq.
Onun sözlərinə görə, konfrans zamanı 2008-2009-cu tədris ilində əldə olunan nailiyyətlər, uğurlar, ümumiyyətlə ötən tədris ilində həyata keçirilən işlərin hamısı İKT texnologiyaları vasitəsilə təqdim olunacaq. Z.Əliqızı həmçinin əlavə edib ki, bu dəfəki konfransda bütün təqdimatlar, slaydlar, roliklər elektron vəsaitlərlə həyata keçiriləcək.
İllik konfransda BBTİ-nin saytının təqdimatının keçiriləcəyini deyən şöbə rəhbəri vurğulayıb ki, həmin gündən etibarən idarənin rəsmi internet saytı fəaliyyət göstərəcək. SİA