Fontu böyüt:
«Gənc Liderlər» Uşaq və Gənclər Təşkilatının(UGT) layihəsi əsasında reallaşan məktəblilər üçün «Liderlik Məktəbi»nin növbəti dərsi keçirilib. «Xalq Cəbhəsi» qəzetinin baş redaktoru Elçin Mirzəbəyli ilə görüşdə iştirakçılar mətbuatımızın durumunu müzakirə edib, əsl jurnalist necə olmalıdır sualına cavab axtarıblar. Çıxış edən «Gənc Liderlər» UGT-nin sədri Fərid Şahbazlı bu gün mətbuatımızın peşəkar jurnalist qıtlığından əziyyət çəkdiyini deyərək, bu sahəyə diqqətin artırılmasını vacib sayıb. F.Şahbazlı dövlətin mətbuata diqqətini artırdığını deyərək, gənc jurnalistlərin bu imkanlardan səmərəli istifadə etməsinin inkişafa gətirib çıxaracağını deyib.
Daha sonra çıxış edən «Xalq Cəbhəsi» qəzetinin baş redaktoru Elçin Mirzəbəyli «Liderlik Məktəbi» layihəsinin əhəmiyyətini vurğulayaraq, beynəlxalq təcrübədən misal gətirib. O, Azərbaycanda da Mətbuata Dəstək Fondunun yaradıldığını vurğulamaqla yanaşı, mətbuatın problemləri barədə geniş danışıb: “Bugün yazılı mətbuatın ciddi problemləri var. Çünki ölkədə yazılı mətbuat bir çox sahələrdə inkişaf prosesini keçməyib. Eyni zamanda, dediyiniz kimi qəzetlərimizdə peşəkarlıq problemi də var. Amma bu kompleks problemdir. Məncə jurnalistikada uğur qazanmaq xüsusi istedadla bağlıdır».
Görüş Elçin Mirzəbəylinin tədbir iştirakçılarının suallarını cavablandıması ilə davam edib.