Fontu böyüt:
Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası 19 avqust 2009-cu il tarixdə növbəti iclasını keçirib. Şura sədrinin müavini Umud Rəhimoğlunun başçılıq etdiyi komissiyanın üzvləri gündəliyə daxil olunan 6 məsələ ətrafında geniş müzakirələr aparıblar. Həmin gün «Azadlıq» qəzetində dərc edilən yazılarla bağlı 2 şikayətə baxılıb. «İnam» Plüralizm Mərkəzinin sədri Vahid Qazinin bu nəşrdə gedən «QHT» qaranlığında yaradılan suitalar» (26 iyul 2009-cu il) sərlövhəli yazı ilə əlaqədar müraciəti araşdırılarkən belə bir ümumi fikir qabardılıb ki, hər hansı nəşrin, yaxud köşə yazarının digər müəllifləri müxtəlif məsələlərin işıqlandırılmasında məhz onların mövqelərinə, baxışlarına uyğun fikirlər yer almadığına görə qınaq hədəfinə çevirməsi heç də məqbul hal sayıla bilməz: Adıçəkilən köşə yazısında da məsələyə bu cür yanaşılmaqla bərabər V.Qazi barədə təhqiramiz fikirlər işlədilib. Komissiya bunu etik prinsiplərin pozulması kimi dəyərləndirib. Komissiya nəşrə təkzib verilməsini və onun yazının getdiyi səhifədə, eyni şriftlə dərcini tövsiyyə edib.
İclasda rəyə gəlinib ki, «Azadlıq» qəzetinin 31 may 2009-cu il tarixli sayında Ağdam rayonu ilə bağlı məqalə də «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları»nın bir sıra bəndlərinin tələbləri gözlənilməməklə nəşrin səhifəsinə çıxarılıb. Araşdırma aparılmadan, balans prinsipi gözlənilmədən ittiham xarakterli fikirlərin təqdimatı qüsurlu hal sayılıb. Tərəflər razılığa gəliblər ki, yazıda adı hallandırılan şəxsin məktubunun dərci ilə əsl həqiqətlərə aydıqlıq gətirilə bilər.
Tədbirdə köşə yazılarına müəllifin, yoxsa onu yayımlayan kütləvi informasiya vasitəsinin cavabdehliyi məsələsinə də toxunulub. Bildirilib ki, «Kütləvi informasiya vasitələri haqqında» Azərbaycan Respublikasının Qanununda bu məsələdə müəlliflə yanaşı həmin materialı təqdim edən KİV-in də məsuliyyəti nəzərdə tutulur. Bütün bunlar bu ilin 5 iyul sayında «Döyüş və söyüş vərəqələri» sərlövhəli köşə yazısını təqdim edən «Reytinq» qəzeti rəhbərliyinin də nəzərinə çatdırılıb. Komissiya qəzetdə orduda xidmətdən yayınmaya, itaətsizliyə çağırışa yönələn fikirlərin yer almasının yolverilməz olduğunu bildirib, nəşr rəhbərliyinə belə halları təkrarlamamağı tövsiyyə edib. İclasda rəyə gəlinib ki, Mətbuat Şurası ordu ilə bağlı mətbuatda gedən yazıların monitorinqini aparsın, təhlillərin nəticələrini ictimaiyyətə təqdim etsin.
Respublika Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun «Yeni xəbər» qəzetinə qarşı şikayətinə baxılarkən vurğulanıb ki, nəşrin həmin müəssisə ilə bağlı yazısında peşəkarlığın tələbləri gözlənilmədiyindən yanlışlığa yol verilib. Qəzetə institutun mövqeyini əks etdirən məktubunun dərci tövsiyyə olunub.
İclasda müzakirəyə çıxarılan daha bir məsələ ilə bağlı məlumat verilib ki, «Müstəqil hüquqşünas» qəzeti Cəlilabad rayonu Gülməmmədli kənd icra nümayəndəsi Əflatun Səfərovun mövqeyini əks etdirən yazının təqdimatını təmin edib.
Komissiya üzvləri «Real press» (baş redaktor Raqif Nazimoğlu) və «Mətbuat nəzarəti» (baş redaktor Gülnarə Sadıqova) qəzetlərində gedən qarşılıqlı ittiham xarakterli yazıları müzakirə edərkən rəyə gəliblər ki, bu materiallar indiyədək şikayət doğuran belə xarakterli yazıların ən kəskinidir. Belə ki, nəşr rəhbərləri yalnız bir-birilərinin ünvanlarına vulqar ifadələr işlətməklə kifayətlənməyib, özlərinə yaxın olan digər insanları da obyekt kimi seçiblər. Komissiya toplanmıış materiallarda kəskin ittiham xarakterli fikirlərə geniş yer verilməsini nəzərə alaraq onların hüquq-mühafizə orqanlarına göndərilməsini məqbul sayıb. Həmçinin qəzetlərinin saylarının monitorinqinin aparılması və buna əsasən nəşrlər barədə müvafiq ciddi ölçü götürülməsi təklifi də bəyənilib.