Fontu böyüt:
Cisco şirkətinin Baş İcraçı Direktoru, dirketorlar şurasının sədri Con Çembers (John Chambers) nüfuzlu "US News&World Report” jurnalının dərc etdiyi müasir Amerikanın liderləri siyahısında informasiya və kommunikasiya texnologiyaları sahəsini təmsil edən yeganə şəxs oldu. Onunla birlikdə bu şərəfə ABŞ Federal Ehtiyat Sisteminin sədri Ben Bernanke, Nyuark (Nyu-Cersi ştatı) şəhərinin meri Kori Buker, əfsanəvi vençur kapitalisti Con Doerr, senatorlar Ted Kennedi (siyahıya əbədi olaraq daxil edilib) və Orin Xetç, bir universitet rektoru, bir neçə hərbi qulluqçu və digər tanınmış insanlar layiq görülmüşlər.
Müasir Amerikanın liderləri siyahısı Harvard Universiteti yanında fəaliyyət göstərən “Cəmiyyət üçün rəhbərlərin hazırlanması mərkəzi”nin (Center for Public Leadership) təşəbbüsü ilə “US News&World Report” jurnalı tərəfindən 2006-ci ildən dərc olunur. Hər il sözügedən Mərkəz akademik, hökumət, özəl və ictimai təşkilatları təmsil edən nümayəndələrdən ibarət jüri formalaşdırır ki, həmin jüri də müasir Ameikanın liderləri adını daşımağa layiq olanları seçir.
10 dekabr tarixində Cisco şirkətinin 25 yaşı tamam olur. Bu müddətin 14 ili ərzində şirkətə məhz Con Çembers rəhbərlik edir. Con Çembersin şirkətin inkişafında olan böyük əməyini göstəmək məqsədilə bir faktı qeyd edək. 1995-ci ildə (Con Çembersin Cisco-nun rəhbəri vəzifəsinə təyin olunduğu il) Cisco-nun illik dövriyyəsi 1 milyard ABŞ dollar təşkil edirdi. 2009-cu maliyyə ilində isə bu göstərici artıq 36 milyard ABŞ dollarını keçmişdir. 1996-2000-ci illər ərzində Cisco-nun satış həcmi hər il orta hesabla 57% artırdı, və nəticə kimi, 2000-ci ildə şirkətin bazar kapitallaşması yarım trillion ABŞ dollara çatdı. Qeyd etmək lazımdır ki, indiyədək bu göstəriciyə heç bir şirkət nail ola bilməmişdir.