Fontu böyüt:
Bir müddət öncə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Azerfon” şirkətinə 3G texnologiyasından istifadə üçün lisenziya verdi. Lakin elə əsl hay-küy də bundan sonra qopdu.Çünki ölkənin ən nüfuzlu mobil operatorlarından olan “Azercell” rəsmiləri müxtəlif KİV-lərdə bəyanatlarla çıxış edərək,təmsil etdikləri şirkətin 3G texnologiyasını istifadəyə vermək üçün texniki baxımdan 2 il öncə hazır olduğunu və bu lisenziyanın ilkin olaraq onlara verilməsinin labüdlüyünü bildirdilər.
Mövzuyla bağlı müxtəlif ekspertlər də mütəmadi olaraq mətbuat orqanlarında çıxışlar etdilər.Həqiqətən də ortada hüquqi prosedur pozuntusu mövcud idi.Belə ki,3G texnologiyasından istifadə üçün lisenziya verərəkən heç bir tender elan olunmadı.Əl-qərəz, söz-söhbət çox uzandı, ən sonda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu hay-küyü səngitmək üçün yaxın zamanlarda ölkədəki digər mobil operatorlara da lisenziya veriləcəyini bildirdi. Nazirliyin bu bəyanatının nə dərəcədə gərginliyi səngitdiyini deyə bilmərik, çünki bunu zaman göstərəcək.
Mövzu ətrafında ekspertlərin, rəsmi və qeyri-hökümət qurumlarının nümayəndələrinin, özəl şirkət rəhbərlərinin ard-arda müxtəlif media orqanlarına müsahibələr, açıqlamalar verdikləri bir zamanda, bəs görəsən, sadə vətəndaşlar bu haqda nə düşünürlər? Onlar 3G texnologiyası haqqında nə dərəcədə məlumatlıdırlar və ya ümumiyyətlə məlumatlıdırlarmı? Biz, xeberler.az olaraq bu sualı cavablandırmaq üçün Bakı sakinlərinə müraciət etdik. Axı, necə də olsa bu xidmətin istifadəçiləri onlar olacaqlar.
Leyla Nəbiyeva ( 20 yaş, tələbə) : "3G texnologiyası? Səhv etmirəmsə, mobil telefonlar üçün nəzərdə tutulub. Görüntülü danışıq imkanı yaradacaq.Amma, deyəsən, hələ ki, bizdə yoxdu,Bəlkə də var, mənim məlumatım yoxdu, ümumiyytlə bu haqda o qədər də bilmirəm".
Babək Muxtarov ( 41 yaş, həkim): " Yox, vallah, ilk dəfədir, belə bir şey haqda eşidirəm.Hansı sahəylə bağlıdır bu?"
Samir Ataşov ( 23 yaş, mobil telefon mağazasında satıcı) :" Hə eşitmişəm, ən son telefon modelləri 3G-ni dəstəkliyir.Hətta alıcıların da maraqlandığı əsas keyfiyyətlərdən biri də telefonların 3G-ni dəstəkləyib-dəstəkləməməsidir.Ön və arxa kamerası olan telefonların əksəriyyəti dəstəkləyir.Məsələn, Nokialardan N5800 ,N6700, N95, N6303, N 5800, N73 və sair". Samir bəy, 3G-ni dəstəkləyən modellər haqda məlumat versə də, bəs 3G-nin görüntüdən başqa, hansı üstünlükləri var sualımızı cavabsız qoyur.
Aliyə Namazova ( 34 yaş, evdan xanım) :"Nəsə telefonla bağlıdır.Türkiyə kanllarında reklamlar verirlər, orda eşitmişdim.Sora maraqlandım ki, görəsən bu 3G nədir belə?! Danışdığın adam hardadırsa, görə bilirsən.Düz dedim?"
Fuad Süleymanov ( 22 yaş, tələbə-magistr) :" Hə eşitmişəm, sürətli internet, görüntülü danışıq xidmətidir.Deyəsən, bizdə Narmobile-da var artıq.Bu haqda xəbər oxumuşdum, amma özüm görməmişəm. Başqa ölkələrdə çoxdan var.Bizdə tətbiq eləsələr, yəqin elə qiymətə olacaq ki, olmasa ondan yaxşıdır."
Sədaqət Muradova ( 56 yaş, orta məktəb müəlliməsi) :"Məlumatım yoxdu." Mobil telefonla bağlıdır, istifadə edirsiz, mobil telefon? sualımıza isə Sədaqət xanım: "Hə edirəm,ancaq "yes" və "no" düymələrini basa bilirəm.Yəni necə deyərlər,zəng gəlsin, zəng getsin"
Təbii ki, bu sorğu çox cüzi qism insanların fikirləridir.Amma görünən odur ki, bir çoxumuz 3G barədə çox az məlumata sahibik. Elə isə, gəlin bir qədər "3G nədir?" sualını cavablandırmağa çalışaq.
-3G üçüncü nəsil rabitə texnologiyası deməkdir. 3G-dəki G (generation) hərfinin ingilis dilindən dilimizə anlamı da “nəsil” deməkdir.
-Bu sistem yalnız sürətli internet şəraitində işlədiyindən internet sürətinin dəfələrlə artırılmasını və yaxşılaşdırılmasını tələb edir.
-3G sistemlərində sürətlər artıq megabitlərlə ifadə edilir. Sürətdəki bu artım xüsusilə internetə daxilolmanı asanlaşdırır.
-3G vasitəsilə həm də telefondan görüntülü danışıq artıq bizdə də həqiqətə çevriləcək.
-Bu sistem mobil internet sürətinin azı 70 qat artması deməkdir. Bu isə həm də mobil telefondan modem kimi istifadə edilməsi imkanını əldə edilməsi deməkdir.
-Bu yenilik cib telefonundan televiziyaya baxmaq imkanı yaratmaqla yanaşı səhiyyə xidmətlərində də inqilab sayıla biləcək yeniliklər gətirə bilər. Səhiyyə xidmətləri ən ucqar kəndlərə qədər gedib çata bilər. Bu texnologiyanın dəstəyi ilə birlikdə həkim xəstənin cib telefonundan onu rentgen edə, qeydə alınmış görüntüləri birbaşa təhlil edərək nəticələr haqqında o andaca xəstəyə məlumat verə bilər. Bu isə öz növbəsində səhiyyəmizdə inqilabi dəyişiklik olardı. Bunun Afrika, Cənubi Amerika və Cənub-Şərqi Asiyada nümunələri vardır.
Ümidvarıq ki, tezliklə Azərbaycanda da insalar 3G-nin bu və digər müsbət xüsusiyyətlərindən RAHATLIQLA faydalana biləcəklər. "Rahatlıqla" sözünün iri şriftlərlə yazılma səbəbi isə yuxarıda, müsahiblərimizdən birinin fikrinin yenidən xatırlanması oldu: "Bizdə tətbiq etsələr də, yəqin elə qiymətə olacaq ki, olmasa ondan yaxşıdır."