Fontu böyüt:
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ödəmə kartlarının elektron satışı üçün yeni sistem tətbiq etməyə başlayır.
Komissiyadan verilən məlumata görə, “Visa/Visa Electron” və ya “Mastercard/Maestro” plastik kartı olan istənilən şəxs TQDK-nın ödəmə kartlarını elektron formada ala bilər. Bunun üçün TQDK-nın internet saytında xüsusi bölmə - http://tqdk.gov.az/virtualkart/ yaradılıb.
İstifadəçi internet vasitəsilə həmin linkə daxil olaraq əldə etmək istədiyi ödəmə kartının (“Ali və orta ixtisas məktəblərinə ərizə qəbulu üçün” və ya “Sınaq imtahanlarına yazılmaq üçün”) növünü, plastik kartının növünü seçməli və "İrəli" düyməsini basmalıdır.
Bu əməliyyat bank əməliyyatı olduğuna görə səhifədə yazılan "Əməliyyatın məxfi kodu"nu yadda saxlamaq tələb olunur. Plastik karta aid məlumatları da daxil etdikdən sonra istifadəçiyə ödəmə kartının seriya nömrəsi və pin kodu ((iş nömrəsi və şifri) təqdim olunacaq və o, adi qaydada həmin kartdan istifadə etmək imkanı qazanacaq.
Kredit kartına malik olan hər bir vətəndaş bu sistemdən istifadə etməklə TQDK-nın ödəmə kartını əldə edə bilər. Artıq ödəmə kartı almaq üçün hər hansı satış mərkəzinə üz tutmağa ehtiyac qalmır. Bu sistemin digər üstünlüyü xidmətdən istifadə üçün əlavə haqq tələb olunmaması, eləcə də günün istənilən vaxtında, ev və ya iş şəraitində rahatlıqla istifadə imkanının olmasıdır.
Bu xidmət növündən istifadə zamanı abonentlərə aid olan məlumatların məxfiliyi, təhlükəsizliyi də tamamilə təmin olunur. Sistem “Verified by Visa” və ”MasterCard SecureCode” lisenziyalarını əldə edib. Təhlükəsizliyin artırılması məqsədilə “VerSign SSL” şifrələməsi də tətbiq edilir.