Fontu böyüt:
“Sosial Şəbəkələr əslində...” nöqtələrin yerinə nə yazardız?
Sorğuda iştirak edənlərin həm peşə, həm yaş, həm də fikir müxtəlifliyi olduğu kimi cavablar da müxtəlif oldu. Belə ki, 100 nəfərdən 68-i sorğuda iştirak etdi və:
-32 şəxs: uzaqları yaxın edir;
-17 şəxs: yaxınları uzaq edir;
-9 şəxs: PR vasitəsidir;
-5 şəxs: niyyətdən asılı olaraq dəyişir;
-5 şəxs: bilmirəm nədir cavablarını verdi.
Cavabların qısa izahını istədik və seçdiyimiz 10 şəxsin fikrini sizə təqdim edirik:
- Məhəmməd Türkmən: "Uzaqları yaxın edir"-i seçdim. Çünki uzaqda olan insanlarla bu yolla çox rahat şəkildə əlaqə qurmaq olur. Ancaq yaxınları da uzaq edə bilər, yazışmalar nə qədər maraqlı olsa da isti çayın qoxusu duyulmur ondan.
- Əminə İlyaslı: Yaxınları uzaq edir. Sizdən uzaqda olan insan daima sizin yaddaşınızda olur. Nə etdi? Necədir? Hara getdi? və s. Sosial məkanda izlədikdən sonra düşünməyi unuduruq. Bunu yaxınlaşmaq kimi qəbul edirik, ancaq elə deyil. Bir insanı nə qədər düşünsən və onunçün darıxsan o adam o qədər yaxındır sənə. Həmçinin yaxınındakı insanları da uzaqlaşdırır. Dostlarımızla görüşəndə heçmi əlimizə telefon alıb feysə girmirik? Hətta bəzən yanaşı dayanıb feysdə danışanlar da var. Sabah, birisigün facebook bağlansa insanlar bir-birlərinə nə qədər uzaq düşər. Depresiya və intiharların sayını isə demirəm. Sosial şəbəkə interaktiv münasibətə söykənsə də real münasibətlərin qopmasına səbəb olur.
- Rahil Sayadoğlu: Sosial şəbəkələr ən əsası uzaqları yaxın edir. Hətta Xoşqədəm Hidayətqızının çata bilməyəcəyi uzaqlara sosial şəbəkələrin əli çatır.
- Rəşid Mustafazadə: Sırf sosial şəbəkələrdəki fəaliyyətimə görə iş təklifləri almışam. Məncə, uzaqları, əlçatmazları yaxın edir. Amma istifadəçidən də çox şey asılıdır.
- Toğrul İsmayıl: "Yaxınları uzaq edir" bəndini seçdim. Çünki insanlar getdikcə daha çox virtuallaşırlar. Qısa bir açıqlama - gülüşlər virtuallaşır, sevinc, kədər virtuallaşır, sevgi virtuallaşır və s və i.a. Virtuallaşdıqca isə həyat onlara buradan daha gözəl görsənir və istər istəməz gerçək həyatdan soyuyurlar. Bu baxımdan sosial şəbəkələr yaxınları uzaq edir. Burada əsas incə məqam ondan ibarətdir ki, insanlar sosial şəbəkələrə yaxınlarından daha çox vaxt ayırır.
- Gülnarə Məmmədova: Sosial şəbəkələr çox vaxt tanıdığın kəslərin paylaşımları və daha rahat ifadə etdiyi fikirlər vasitəsilə tanımadığın simalarını görməyə imkan verir. Əgər aktiv istifadəçidirsə nə vaxtsa özünü bəlli edəcək.
- Türkan Muxtarova: Sosial şəbəkələr mənə keçiriləcək tədbirləri, proqramları tapmaqda kömek edir, üzünü belə indidən sonra görməyəcəyim dostlarımdan xəber verir. Facebook olmasa heç bir tədbirdən xəbərim olmazdi.
- Turac Teyyubqızı: İllərdir, aylardır danışmadığın və normalda ünsiyyəti bərpa etmək üçün bir kitab danışmaq tələb olunan insanları bir sual qədər yaxınlaşdırır.
- Aydan Sultanlı: Adi bir dəfə gördüyümüz birini daha yaxından tanımaq,danışmaq imkanı yaradır. Məsələn bir tədbirdə gördüyüm xarici dostumu burada tanımağım,yaxın olmağım mümkündür.
- Simuzər Hüseynzadə: İstifadə edəndən asılıdır, məncə. Sosial şəbəkələrdən həddindən artıq dərəcədə istifadə gənclərimizi gerçək ictimai mühitlərdən uzaqlaşır və asosial insanlara çevrir. Onsuz həyatları yetəri qədər maraqlı olan insanlar sosial şəbəkələrə daha az vaxt ayırır.
Cavablarda müxtəlif məqamlara toxunulub və hər kəs məsələyə müxtəlif asbektdən yanaşıb. Sonda isə fərqli fikirlər eyni nöqtədə birləşir: Düzgün istifadə. Sosial şəbəkələrə girmək istədikdə “Mənə nə lazımdır?” və “Nə qədər zamanımı sərf etməliyəm?”suallarına cavabın tapılması düzgün istifadə üçün bir açar ola bilər. Gələn sorğumuzda bu suallara cavabı seçdiyimiz 100 nəfərin fərqli baxışlarında tapmağa çalışacağıq.