Fontu böyüt:
Darısqal otaq, cəmi 3 nəfər işçi və 1 kompüter. Burda gün telefon zənginin səsi ilə başlayır. Gəncənin 109 Məlumat bürosunda gün ərzində azı 500 nəfərə telefon nömrələri ilə bağlı məlumat verilir.
33 ildir hər gün telefon dəstəyinə
sarılıb işinin öhdəsindən gəldiyini deyən İntizar Əliyeva danışır ki,
soruşulan nömrələrin əksəriyyətini əzbər bilir.
“Bəzən heç düşünmədən, kompüterə
baxmadan cavab veririk”
“109 məlumat xidmətində 33 ildir
işləyirəm. Səhər saat 9 dan işə başlayırıq, axşam saat 6-ya kimi. Məlumat
bürosunun hansı nömrəli telefonu olmasını məlumat veririk. Abonentləri məlumatlandırırıq.
Bəzən heç düşünmədən, kompüterə baxmadan cavab veririk. Demək olar ki, adət eləmişik.
Gecə yuxulu da olsaq soruşsalar əzbər deyərik”.
Gəncədə ümumilikdə 62 min nömrə
tutumu var. Bütün bu nömrələrin məlumatlarının toplusu isə 109 məlumat xidmətində
cəmlənir. Sözügedən məlumat xidməti növü 2 ildir ki, abonentlərə ödənişli
olaraq xidmət edir. İntizar Əliyeva deyir ki, ödənişli xidmətə keçid müraciət
edən abonentlərin sayını azaldıb. Elə işlərini də bir az asanlaşdırıb:
Ödənişli xidmət müraciət edənlərin
sayini azaldib...
“Gün ərzində azı 500 nömrənin məlumatını
veririk. Əvvəllər ödənişsiz olanda günə 9 min nəfərə cavab verirdik. Ödənişdən
sonra bir az azalıb. Bəlkə bizdən də az-az hallarda narazı qalanlar olur. Əhali
ilə işləmək çətindir. Dar hövsələli adamlar da olur. Amma çalışırıq hamı razı
qalsın. Hamının nazını çəkirik, işimiz budur”.
Təcrübəli işçi yaxşı məlumatçı
olmağın sirlərindən də danışır:
“Yaxşı məlumat bürosu olmaq üçün
diqqətli olmaq və yaxşı yaddaşa sahib olmaq lazımdır. Psixoloq olmaq lazımdır
ki, onları idarə edə biləsən, bununla necə danışasan. Nömrələr dəyişəndə də 3
günə tapıb dəyişirik”.
Məlumat almaq istəyənlərin sayı
çox olsa da, onların sayı cəmi 3 nəfərdir. Digər məlumatçı Rəna Məmmədova da
deyir ki, əziyyətlərinə uyğun olmasa da dolana bilirlər:
“Bütün nömrələrin 80 faizini əzbər
bilirəm”
“Məlumat bürosunun 2 nömrəli
işçisiyəm. 27 ildir işləyirəm. Bütün nömrələrin 80 faizini əzbər bilirəm. Bilmədiyimizi
də kompüterə baxırıq. Öyrənmişik, əzbər bilirik deyə, asandır. Əmək haqqımız
normaldır, nə çoxdur, nə az, dolanırıq”.
109 məlumat xidməti son illər həm
də borcunu uzun müddət gecikdirən abonentləri ödənişə cəlb etməklə bağlı fəaliyyət
də göstərir. Həmin abonentlərin qonşu nömrələrinə xəbərdarlıq edərək məlumat
toplayırlar:
“Borclu olan abonentlərin
siyahısını bizə göndərirlər, biz ünvanla qonşularla əlaqə saxlayırıq. Həmin
abonent orda yaşayırmı, yaşayırsa borcla bağlı məlumatlandırılırlar”.
109 xidməti əvəzinə dost-taniş...
Gəncədəki abonentlər də
danışırlar ki, sistem ödənişliyə keçəndən sonra məlumat xidmətinə daha az
müraciət edirlər. Sevinc Məmmədova deyir ki, əlavə ödəniş etməmək
üçün gərəkli nömrələri dost tanışdan öyrənməyə çalışır.
“Əvvəllər pensiya vaxtı 109-a zəng
edib məlumat öyrənirdim. Amma pullu olandan sonra elə dost tanışdan
maraqlanıram”.
Mənbə: azadliq.org