Fontu böyüt:
Azərbaycanın ilk CDMA operatoru olan «Catel» şirkəti və onun ticarət nişanı «FONEX»in abonentləri artıq ölkənin aparıcı GSM operatoru olan «Azercell Telecom»un abonentləri ilə qısa mesaj – SMS mübadiləsi apara biləcəklər.
Şirkətin baş ofisindən verilən məlumata əsasən, bunun üçün «Catel»/«FONEX» abonentləri 050/051 operator kodu və 7 rəqəmli abonent nömrəsini, «Azercell» abonentləri isə 040/012 operator/zona kodu və 7 rəqəmli abonent nömrəsini daxil edərək, qısa mesaj yazıb göndərməlidir. «Catel»/«FONEX» abonentləri üçün bir qısa mesajın qiyməti 0,05 AZN (ƏDV ilə), «Azercell»in Fakturalı Xətt abonentləri üçün 0,05 AZN (ƏDV-siz), «Açıq Xətt» və «Bizdən Bizə» abonentləri üçün 11 kontur, «GəncSim» abonentləri üçün isə 8 konturdur. «Catel» şirkəti gələcəkdə digər GSM operatorları ilə də SMS mübadiləsini təşkil etməyi planlaşdırır.
Hazırda bütün Abşeron yarımadası, o cümlədən, Bakı, Sumqayıt, Səngəçal, Ələt, Kürdəmir, Ucar, Şirvan, Göyçay, Mingəçevir, Gəncə, Şəmkir, Ağstafa, Balakən, Dəvəçi, Nabran, Xudat, Quba, Qusar, Xaçmaz, Lənkəran, Astara və Masallı operatorun əhatə dairəsinə daxildir. Şirkət 2009-cu ilin sonuna kimi bütün Azərbaycan ərazisini tam əhatə dairəsinə daxil etməyi planlaşdırır.
Xatırladaq ki, 1997-ci ildə yaradılan «Catel» şirkəti WLL abonentlərinə FH-CDMA standartında simsiz rabitə xidmətləri, eləcə də mobil rabitə abonentlərinə 3G CDMA standartında rabitə xidmətləri göstərir. Hələ 2004-cü ilin avqust ayından şirkət Azərbaycanda ilk dəfə olaraq ən müasir 3-cü nəsil CDMA 2000 1x mobil rabitə texnologiyasını «Huawei» şirkətinin avadanlığı əsasında tətbiq etməyə başlayıb. Bu texnologiya 2-ci nəsil mobil rabitədən bir sıra üstün cəhətləri ilə fərqlənir: standartın ekoloji cəhətdən təmizliyi, şəbəkənin geniş tutumu, məlumatın yüksək sürətlə ötürülməsi, analoq və rəqəmsal faksın dəstəklənməsi və s. APA