Fontu böyüt:
Azərbaycan hökuməti son illər müasir informasiya texnologiyalarının tətbiqi ilə bağlı bir sıra proqramlar həyata keçirir. Elektron hökumət dövlət proqramı, məktəblərin kompüterlərlə təmin olunması və s.
Ümumiyyətlə, son illər dünyada internetin daha geniş yayılması, istifadəçilərin sayının artımı müşahidə olunur. Bu proses özünü Azərbaycanda da göstərir. Bəs görəsən sadə vətəndaşlardan fərqli olaraq Azərbaycan məmurları intenet texnologiyalardan, xüsusilə də elektron poçt (e-mail) xidmətlərindən necə istifadə edirlər?
Lent.az-ın apardığı araşdırmalar zamanı məlum olub ki, Azərbaycanın bir çox dövlət və hökumət strukturlarının rəhbərləri gündəlik internet istifadəçiləridirlər. Hətta bir çox hökumət rəsmilərinin şəxsi və korporativ elektron poçtları var və onlara ünvanlanan elektron məktublara şəxsən operativ qaydada cavab verirlər. Bəzi dövlət qurumlarının internet saytlarında isə həmin qurumun rəhbərinin e-mail poçtu qeyd olunub.
Azərbaycanda internetdən istifadə edən və şəxsi elektron poçtunu media təmsilçilərinə belə təqdim edən məmurlardan biri Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovdur. Komitənin mətbuat xidmətindən Lent.az-a deyiblər ki, N. İbrahimov hətta komitənin əməkdaşlarına da müasir informasiya texnologiyalarını mənimsəməyi və insifadə etməyi məsləhət görür. Komitə sədrinin əsas xəbərləri və məlumatları da internet vasitəsilə aldığı, şəxsi elektron ünvanından mütəmadi istifadə etdiyi bildirilib.
Azərbaycanın hökumət rəsmiləri arasında internetdən ən çox istifadə edən və ölkədə ilk dəfə olaraq elektron qaydada müraciətləri qəbul edib cavablandıran vergilər naziri Fazil Məmmədovdur. Vergilər naziri rəhbərlik etdiyi qurumun internet saytında onunla birbaşa əlaqənin yaradılmasını təmin edib. Lent.az-a açıqlamasında F.Məmmədov internetdən hər gün istifadə etdiyini, hətta Vergilər Nazirliyinin veb-saytının fəaliyyətini də şəxsən diqqətdə saxladığını bildirib. Xatırladaq ki, Azərbaycanın hökumət struktuları arasında dizaynına və işləməsinə görə ən yaxşı sayt kimi Vergilər Nazirliyinin saytı göstərilir. Bu sayt dəfələrlə yerli və xaricdə keçirilən İT tədbirlərində mükafatlandırılıb.
“Mən e-mail xidmətindən də istifadə edirəm. Bizim nazirliyin bütün idarə rəislərinin və rəhbərlərinin elektron poçtu saytımızda göstərilib. Bundan başqa, saytımızda mənə birbaşa müraciət üçün bölmə yaradılıb. Həmin bölmədən mənə ünvanlanan sualları şəxsən cavablandırıram. Həmçinin gündəlik olaaq əksər xəbər agentliklərinin və bir sıra internet saytlarını ziyarət edirəm”, - Fazil Məmmədov deyir.
Elektron poçt xidmətlərindən ən çox istifadə edən və ona ünvanlanan sualları vaxtında operativ cavablandıran şəxslərdən biri də Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovdur. Qeyd edək ki, administrasiya rəisinə dəfələrlə e-mail vasitəsi ilə suallar ünvanlayıb, vaxtında cavab almışıq. Q.Qurbanovun e-mail ünvanı rəhbərlik etdiyi qurumun rəsmi internet saytında qeyd olunub.
Təhsil naziri Misir Mərdanov da internet istiadəçisi, eyni zamanda elektron poçt xidmətlərindən ən çox istifadə edən məmurlardan biridir. Nazirliyin veb-saytında nazirlə əlaqə yaratmaq üçün bölmə yaradılıb və nazirin e-mail ünvanı göstərilib. Yeri gəlmişkən, bir müddət əvvəl M.Mərdanov ölkənin bütün təhsil şöbəsi müdirlərinə və məktəb direktorlarına kompüteri və internetdən istifadəni öyrənməyi tapşırıb.
Sumqayıt şəhər icra hakimiyytinin başçısı Vaqif Əliyev və Gəncə şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov da gündəlik intenetdən istifadə edən dövlət məmurlarındandır. V.Əliyev elektron poçtdan istifadə edir, boş vaxtlarında yerli və xarici KİV-lərin internet saytlarını izləyir.
Xarici işlər naziri Elmar Məmmədyarov, səhiyyə naziri Oqtay Şirəliyev, iqtisadi inkişaf naziri Heydər Babayev, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, sənaye və energetika naziri Natiq Əliyev, mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, kənd təsərrüfatı naziri İsmət Abasov, DTXK rəisi Qərib Məmmədov, DƏDRX rəisi Arif Qaraşov, DGK rəisi Aydın Əliyev, TQDK sədi Məleykə Abbaszadə də internetdən və elektron poçt xidmətindən istifadə edirlər. Adıçəkilən dövlət qurumlarının rəhbərlərinin elektron ünvanlarına yazılan məktublar da vaxtında cavablandırılır.
Azərbaycanın rabitə və İT sahəsinə cavabdehlik daşıyan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun özü də ən aktiv internet istifadəçilərindəndir. Ə.Abbasov nəinki interneti izləyir, İT sahəsini özü şəxsən diqqətində saxlayır. Eləcə də e-mail ünvanına göndərilən sualları da cavablandırır.
İnternetdən ən çox istifadə edən dövlət qurumlarının rəhbərləri sırasında MSK-nın sədri Məzahir Pənahovun da adı çəkilir. Əldə etdiyimiz məlumatlara görə, M.Pənahov xaricdəki həmkarları və dostları ilə elektron poçt vasitəsi ilə əlaqə yaradır.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin baş direktoru Ramiz Həsənov da fəal intenet istifadəçisidir. Boş vaxtlarında yerli və xarici informasiya vasitələrini izlədiyini deyən R.Həsənov elektron poçtla ünvanına göndərilən bütün məktubları şəxsən cavablandırır.
ARDNŞ-in rəhbər strukturlarının da e-mail ünvanları qurumun saytında göstərilib. Neft şirkətinin rəhbər işçiləri İT istifadəçisi olmaqla yanaşı e-poçtlarına göndərilən məktublara da vaxtında cavab verirlər.
Daxili işlər naziri Ramil Usubovun, baş prokuror Zakir Qaralovun inernetlə maraqlandıqları bildirilsə də onların şəxsi e-maildən istifadə edib-etməməsi barədə məlumatlar verilmir.
Daxili Qoşunların komandanı Zakir Həsənov da internetlə işləməyə maraqlı hərbçilərdəndir. DQ komandanının şəxsi e-maili var və ona e-mail vasitəsi ilə ünvanlanan sualları cavablandırır.
ANAMA-nın baş direktoru Nazim İsmayılov da e-mail xidmətindən istifadə edir və poçt vasitəsi ilə şəxsi ünvanına göndərilən sorğuları cavablandırır. Agentliyin veb-saytında baş direktorun şəxsi e-maili göstərilir.
Lent.az-ın apardığı araşdırmalar zamanı o da məlum olub ki, ölkənin əsas maliyyə məsələlərini həll edən Milli Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov, maliyyə naziri Samir Şərifov, ARDNF-in icraçı direktoru Şahmar Mövsümov da e-poçt və internetdən gündəlik istifadə edən məmurlardandır.
Bəs kimlər istifadə e-poçtdan istifadə etmirlər?
Aparılan araşdırmalar zamanı məlum olub ki, Bakı Metropoliteninin saytında elektron poçtu göstərilməsinə baxmayaraq, idarənin rəisi Tağı Əhmədov poçtdan istifadə etmir. Lent.az-ın iyul ayının sonlarında T.Əhmədovun e-poçtuna göndərdiyi sorğuya bu günədək cavab verilməyib.
Lent.az araşdırmaları zamanı belə qənaətə gəlib ki, rəhbərlik etdiyi qurumun veb-saytında elektron poçtu göstərilsə də nəqliyyat naziri Ziya Məmmədov e-maildən istifadə etmir. Lent.az-ın iyul ayının sonlarında nazirin elektron ünvanına göndərdiyi sorğuya bu günədək cavab gəlməyib. Nəqliyyat nazirliyinin strukturna daxil olan “Azəryolservis” ASC və ADDY rəisinin, Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirov və AZAL-ın prezidenti Cahangir Əsgərovun da ayrıca elektron poçtları yoxdur.
Lakin nəqliyyat nazirinin müavini Musa Pənahov e-poçtdan istifadə edir və göndərilən sualları cavablandırır.
Nazirlər Kabinetində isə bir sıra vəzifəli şəxslərin elektron poçtdan istiadə etmədiyi bildirilir. Məsələn, baş nazirin müavini Elçin Əfəndiyev bir müddət əvvəl APA-ya müsahibəsində elektron poçtunun olduğunu, lakin ondan istifadə etmədiyini bildirib. Y.Eyyubov istisna olunmaqla, baş nazirin digər müavinləri Abid Şərifov və Əli Həsənov da e-poçtdan istifadə etmirlər.
“Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyevin e-maili olduğunu və ondan istifadə etdiyini bildirilsə də “Azəriqaz” sədri Əlixan Məlikovun və “Azərsu” SC-nin prezidenti Nizaməddin Rzayevin bu xidmətdən istifadə edib - etmədiyini dəqiqləşdirmək mümkün olmayıb.
Müdafiə nazii Səfər Əbiyevin, MSN Yavər Camalovun, DSX rəisi Elçin Quliyevin, Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimovun, Hərbi Komissar Əliağa Hüseynovun, Baş Qərargahın rəisi Nəcməddin Sadıqovun qəbul otağı istisna edilməklə şəxsi e-mailləri yoxdur.
Rəşad Süleymanov
LENT.AZ