Fontu böyüt:
Azərbaycanda parlament seçkiləri ərəfəsində Beynəlxalq İnformasiya Mərkəzi fəaliyyət göstərir. Layihənin əsas məqsədi qarşıdan gələn parlament seçkiləri zamanı beynəlxalq kütləvi informasiya vasitələri nümayəndələrinə informasiya dəstəyinin göstərilməsidir. Mərkəzin rəhbəri Elnur Baimovla söhbətimizdə mərkəzin fəaliyyət istiqamətləri, planları və bizi maraqlandıran bəzi suallara cavab tapmağa çalışdıq. Müsahibimiz öncə mərkəzin yaranma tarixinə toxundu.
- Bu ofis oktyabr ayının 12-dən, sutka boyu fəaliyyət göstərir. Jurnalistlər isə bura bir gün yox, hər gün gəlirlər. Çünki seçki hərəkət edən prosesdir, gündəlik informasiyaları təqib etmək lazım gəlir. Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı ölkəmizə ezam olunmuş jurnalistləri biz bu mərkəzdə qonaq edirik. Seçkiyə az qalmış bu jurnalistlərin sayı qat-qat artacaq. Amma bundan başqa, xaricdəki jurnalistlər öz qərargahlarında oturaraq, seçkiləri bizim mərkəz vasitəsilə izləyə bilirlər. Biz Azərbaycanda seçkilərin informasiya mənbəyi kimi çıxış edirik. İnternet vasitəsilə, seçkiylə bağlı xəbərləri marağı olan bütün media mənsublarına günbəgün ötürürük. Mərkəz ən müasir kompyuter texnikası və yüksək sürətli internetlə təchiz olunub. Mərkəzdə xarici jurnalistlər üçün istirahət otağı da yaradılıb. Şəhərin düz mərkəzində İSR Plazada bir yer icarəyə götürmüşük. Hamı bura piyada gələ bilər. Bundan başqa, xarici jurnalistlərə həm mehmanxanada, həm avtomobil icarəsində, həm də bəzi kafe-restoranlarda güzəştli qiymətlərin tətbiqinə yardım edirik.
- Hazırda ofisdə neçə xarici jurnalist var? Onlar dünyada hansı tanınmış mətbuat orqanlarını təmsil edirlər?
- Ofisdə azərbaycanlı jurnalistlər işləyir. Amma xarici jurnalistlər bura işləmək üçün gəlirlər, biz onlara iş şərait yaradırıq. İnternet, video, əlaqə, şəbəkə, çay-kofe... O ki qaldı verdiyiniz suala, ofisə 14 jurnalist gedib gəlmişdi. Onlar da əsasən Avropa kütləvi informasiya vasitələrini təmsil edirdilər.
- Seçkinin son gününə qədər xarici jurnalistlərin ölkəmizə gəlişi davam edəcək. Mərkəz də həmin günlər boyu fasiləsiz fəaliyyət göstərəcək?
- Bəli. Bundan başqa, bu informasiya mərkəzinin saytı - ellection2010.az fəaliyyət göstərir. Sayt internetdə xarici auditoriya üçün geniş yayımlanır. İkincisi, müvafiq strukturlara, ATƏT-dən tutmuş, xarici ölkələrin Azərbaycandakı səfirlikləri, həm Azərbaycanın xarici ölkədəki səfirlikləri seçkilərlə bağlı məlumatı alırlar. Hansısa xarici jurnalist bizim səfirliklərdən viza almaq istəyəndə artıq ona məlumat verilir ki, “Azərbaycanda beynəlxalq informasiya mərkəzi açılıb. Orada sənin bütün suallarına cavab üçün pulsuz və təmənnasız yardım ediləcək”.
- Mərkəz millət vəkilliyinə namizədlərlə xarici jurnalistlərin görüşünü təşkil edəcəkmi?
- Təbii ki. Xarici jurnalistlər istədikləri deputatlığa namizədlə görüşmək istəyərsə, bunu da təşkil edirik. Məsələn, o namizədlərlə əlaqə saxlayır, onları ofisə dəvət edirik. Tam şəraiti olan guşədə xarici jurnalistlər o namizədlərlə müsahibə gerçəkləşdirir, suallarını verirlər. İstəyirlər, dəyirmi masa etsinlər, istəyirlər, görüş təşkil etsinlər. Həm müxalifət, həm iqtidar, həm də neytral partiyaların mətbuat xidmətləri, ayrı-ayrı namizədlərlə artıq danışmışam. Hamının məlumatı var. Siyasi neytrallığım imkan verir ki, Azərbaycanda bütün siyasi spektrin nümayəndələri ilə əməkdaşlıq edim.
- Bu günə qədər xarici jurnalistlərin deputatlığa namizədlərdən hansı ilə görüşü baş tutub? Yəni xarici həmkarlarımız daha çox hansı namizədlə maraqlanıblar?
- Bilirsiniz ki, təbliğat-təşviqat dönəmi yeni başlayıb. Yəni prosesə yeni start verilib. İnanıram ki, tezliklə bu, intensivləşəcək və dediyiniz görüşlər də başlayacaq.
- Seçki ilə bağlı informasiyaların vahid mərkəzdən ötürülməsi deyəndə onun obyektivliyi, balanslılığı ilə bağlı suallar da yarana bilər. Bu xəbərlər nə dərəcədə balanslı, tərəfsiz, obyektivdir?
- Ən yaxşı tənzimlənən balans peşəkarlıq və operativlikdir. Biz həm iqtidar, həm müxalifət, həm də orta mövqeyi olan siyasi qurum və nümayəndələrin xəbərlərinə yer veririk. Təşviqat təzə başlayıb, xəbər kanalı elə də bol deyil. Amma bir müddətdən sonra proses intensivləşəcək. Məni mediada hamı tanıyır. Mövqeyim budur ki, bütün siyasi qurumlarla eyni məsafədəyəm.
- Xarici jurnalistləri Azərbaycandakı seçkilərin hansı yönü daha çox maraqlandırır, təəccübləndirir? Daha doğrusu, onlar üçün Azərbaycandakı seçkilər digər ölkələrdəkindən nə ilə fərqlənir?
- Onları Azərbaycanın siyasi spektri maraqlandırır. Biz onlara izah edirik ki, ölkədə hansı partiyalar var, onların siyasi yönümü necədir, qeydiyyata alınan namizədlər barədə məlumat veririk. Onlara əsas maraqlı odur ki, özləri Azərbaycandakı seçkiləri şəxsən müşahidə etsinlər. Tutaq ki, hansısa xarici jurnalist ucqar rayonda olan seçki məntəqəsinə getmək istəsə, biz bu məsələdə də onlara yardım edəcəyik. Ora zəng vurub, bu səfəri, onun bütün detallarını təşkil edəcəyik. Təbii ki, siyasi məqamlara toxunmadan. Biz texniki qurumuq, həm partiya, həm də xarici media mənsubları üçün. Ona görə də burada hansısa referensiyadan danışmağın yeri yoxdur.
- Seçki günü mərkəz hansı qaydada fəaliyyət göstərəcək? Seçkidən sonra fəaliyyətiniz neçə gün davam edəcək?
- İnanıram ki, seçkiqabağı və seçki günü biz 24 saat işləyəcəyik. Ona görə ki, bu proses gedəcək. Seçkidən sonra da bir neçə gün işimizi davam edəcək. Sonra isə ümumi fəaliyyətimiz barədə bütün suallara cavab verəcəyik. Xarici jurnalistlərin də sonda mətbuat konfransı olacaq. Bu, ictimaiyyət üçün bir layihədir. Bitəndən sonra detallaşdIrılmış şəkildə məruzə olunacaq. Ya sabah, ya da biri gün mərkəzin prezentasiyası olacaq. ,
- Mərkəzdə fəaliyyət göstərən xarici jurnalistlərin məqalələrinin monitorinqini keçirirsiniz?
- Biz xarici jurnalistlərə nəyi necə yazmağı deyə bilmərik. Onlara kompyuter verib, iş şəraiti yaratmaqla fikrini, müşahidələrini dəyişə bilmərik.
Yeni Müsavat