İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

“Azərcell” və “Bakcell” SMS qiymətlərini bahalaşdırıb (ARAŞDIRMA)

16.05.2011 [20:27]

Fontu böyüt:      

Ölkədə fəaliyyət göstərən mobil operatorların kontur sistemindən manat sisteminə keçməsi narazılıq yaradıb. Abunəçilər yeni sistemdə daha baha xidmətlərin tətbiq edilməsindən şikayətlənirlər. Qeyd edək ki, kontur sistemindən manat sisteminə keçid Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tələbi

Ölkədə fəaliyyət göstərən mobil operatorların kontur sistemindən manat sisteminə keçməsi narazılıq yaradıb. Abunəçilər yeni sistemdə daha baha xidmətlərin tətbiq edilməsindən şikayətlənirlər. Qeyd edək ki, kontur sistemindən manat sisteminə keçid Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tələbi ilə baş tutdu. Nazirlik rəsmiləri elan edirlər ki, bu keçiddən sonra qiymətlər ucuzlaşıb. Lakin mobil rabitə istifadəçiləri (“Azercell” və “Bakcell” abunəçilərindən söhbət gedir) iddia edirlər ki, əksinə, mobil tariflərdə bahalıq yaranıb.

Narazılıqları nəzərə alaraq “Azadinform” da yeni sistemlə köhnə sistem arasındakı bəzi fərqləri araşdırıb. Məlum olur ki, “Azercell”in 5 manatlıq danışıq kartındakı SMS tutumu əvvəlkindən xeyli fərqlənir. Belə ki, əvvəllər 5 manatlıq kart aldıqda abunəçinin balansına 1300 kontur yüklənirdi ki, bu da 118 SMS demək idi. Qeyd edək ki, bu mobil operator bir standart SMS xidmətini əvvəllər 11 kontura həyata keçirirdi. Hazırda isə bir SMS-in qiyməti 5 qəpikdir ki, bu da 5 manatda 100 SMS deməkdir. 10 manatlıq danışıq kartında bu fərq daha qabarıq görsənir. Belə ki, əvvəlki sistemdə bu nominallı danışıq kartında 272 SMS, indi isə cəmi 200 SMS yerləşir. Yeganə “GəncSim” tarifində SMS 3 qəpikdən hesablandığı üçün bu tarifdən istifadə edən abunəçilər SMS xidmətindən istifadə etdikdə qazanmış olurlar. Lakin “GəncSim” istifadəçiləri üçün şəbəkəxarici zəng həddən artıq baha (dəqiqəsi 14 qəpik) olduğundan bu tarif paketindən istifadə heç də hamıya sərfəli hesab edilmir. Şirkətin təqdim etdiyi “Əzizlərim” kampaniyasının istifadəçiləri də SMS-i əvvəlkindən baha göndərmək məcburiyyətində qalıblar. Belə ki, əvvəllər bu kampaniya iştirakçıları öz sevimli nömrələrinə bir SMS-i 5 kontura göndərirdi ki, bu da 5 manatlıqda 260 SMS edir. İndi bu kampaniya çərçivəsində bir SMS-in qiyməti 2,5 qəpikdir. Bu isə 5 manatlıq danışıq kartında cəmi 200 SMS-in olması deməkdir.

Eyni vəziyyət “Bakcell”də də müşahidə edilir. Belə ki, bu şirkət əvvəllər 1 standart SMS xidmətini 12 kontura göstərirdi. Manata keçiddən sonra isə bu göstərici 3 qəpik təşkil edir. Bu baxımdan hesablama apardıqda aydın olur ki, “Bakcell” abunəçiləri də manata keçiddən məmnun qalmayıblar. Belə ki, əvvəllər 2 manatlıq “Cin” danışıq kartında abunəçiyə 950 kontur verilirdi ki, bu da 79 SMS demək idi. İndi isə 2 manata cəmi 66 SMS əldə etmək mümkün olur. “Azercell”də olduğu kimi, “Bakcell”də də danışıq kartının dəyəri artdıqca fərq böyüyür. Belə ki, “Bakcell”in 6 manatlıq danışıq kartında 3000 kontur verilirdi ki, bu da 12 konturdan 250 SMS demək idi. İndiki halda isə 6 manatda 200 SMS olur. Göründüyü kimi, abunəçilər ən azı SMS xidmətindən daha baha istifadə etməyə məcbur olublar.
Qeyd edək ki, mobil operatorlar həddən artıq mürəkkəb balans siyasəti yürütdüyündən abunəçilərin danışıqda nə qədər itirildiyini hesablamaq çətindir. Həm də köhnə tariflər mobil operatorların saytından götürüldüyü üçün bu istiqamətdə araşdırma aparmağımız mümkünsüz oldu.

Lakin “Bakcell”in tətbiq etdiyi “QoşaCin” tarifində yol verilən qiymət artımı ilə bağlı mətbuatda gedən fakt diqqətdən kənarda qalmayıb. Şirkətin abunəçilərinin hesablamalarına görə, əvvəl qoşa nömrələr 1 dəqiqəsi 2 konturdan, yəni 10 AZN-lik konturla 43 saat danışırdısa, indi 1 dəqiqəsi 1 qəpik olmaqla 10 AZN-lik kartla cəmi 16 saat danışmaq mümkündür. Bu isə təxminən 3 dəfə az deməkdir.
Mobil operatorlar qəpiyə keçdikdən sonra niyə bonuslar təqdim etmirlər? Niyə əvvəlki sistemlə tariflər şirkətlərin saytından çıxarılıb? Bu, istifadəçiləri müqayisə imkanından məhrum etmək demək deyilmi? 2 manatlıq danışıq kartındakı 15, 3 manatlıq danışıq kartındakı 50 SMS-lik və s. fərqi nə ilə izah etmək olar?

Suala cavab verən “Bakcell” şirkətinin ictimaiyyətlə əlaqələr sektorundan bildirilib ki, qəpiklə hesablama sisteminə keçdikdən sonra abunəçilərə verilən danışıq dəqiqələrinin sayı əhəmiyyətli dərəcədə artıb: “Əgər 2 AZN danışıq kartı ilə əvvəllər abunəçi cəmi 23.75 dəqiqə danışırdısa, indi bu, 33.3 dəqiqədir, yəni əvvəlkindən 10 dəqiqə çox. Onu da nəzərinizə çatdırırıq ki, tezliklə SMS xidmətindən daha çox istifadə edən abunəçilərimizə sərfəli qiymətlərlə SMS paketlər təqdim edəcəyik.”

Şirkətin cavabında o da qeyd edilib ki, 2010-cu ilin noyabrında qəbul edilən “QoşaCin” abunəçiləri arasında 1 dəqiqə=5 kontur tarifi abunəçilərə elan edilib: “Bununla bağlı həm KİV-ə məlumat verilmişdi, həm də şirkətin internet səhifəsində yerləşdirilmişdi. Həmin vaxtdan etibarən “QoşaCin” tarif planına qoşulan abunəçilərimiz yeni tariflə danışırdılar. Yalnız noyabr ayına qədər alınan qoşa nömrələr arasında danışıq köhnə tariflə, yəni 1 dəq=2 kontur saxlanılırdı. Konturdan manata keçiddən sonra qoşa nömrələr arasında danışığın qiyməti standartlaşdırıldı, yəni 1 dəqiqə=1qəpik oldu”.

Qəpiyə keçdikdən sonra niyə bonuslar təqdim edilmir? Sualın cavabında şirkətdən bildirilib ki, əvvəllər kontur sistemində ölçü vahidi konturlar olduğundan, daha böyük nominallı kart yüklədikdə konturların sayını artırmaq mümkün idi. Hazırda isə yeganə ölçü vahidi puldur və kartın nominalı qədər pul balansa yükləndiyindən bunu nominaldan asılı olaraq artırmaq mümkün deyil: “Elə buna görə də yeni sistemə keçiddən sonra bütün nominallar üzrə orta qiymələr götürülərək, “Cin” abunəçilərimizə bütün tarif planları üzrə sərfəli tariflər təqdim etdik. Bonuslara gəlincə, hal-hazırda bonus almayan “Cin” nömrə yoxdur. Belə ki, 20 mart 2011 tarixindən sonra alınan yeni “Cin” nömrələr nömrəni aktivləşdirən zaman 50 pulsuz SMS və hər ay 25 şəbəkədaxili bonus danışıq dəqiqəsi, bu tarixdən əvvəl alınan nömrələr isə alınma tarixi və tarifindən asılı olaraq 0.25 AZN, 1 AZN, 2 AZN və ya 25 şəbəkədaxili danışıq dəqiqəsi alır”.

Əvvəlki (konturla) sistemlə tariflərin şirkətin saytından çıxarılmasına isə “Bakcell”dən təbii yanaşmağı məsləhət görüblər: “Biz konturdan manata müqayisə üçün deyil, abunəçilərimizin rahatlığı, əməliyyatların şəffaflığı üçün keçmişik. Bundan əlavə, köhnə tariflərin saytda saxlanılması çaşqınlıq yara bilərdi”.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən isə bildirilir ki, mobil operatorlardan manata keçid tələb olunanda abunəçilərin müqayisə imkanlarının yaxşılaşacağı daha çox nəzərə alınıb: “Düşünürdük ki, abunəçilər rahat müqayisə aparıb seçim edəcəklər və nəticədə operatorlar arasında rəqabət formalaşacaq. İndi siz deyirsiniz qiymətlər bahalaşıb, açıq deyim ki, bu bir qədər inandırıcı görünmür. Bizim fikrimizcə, bahalaşma olmamalıdır. Konkret nəticə, fakt varsa, onu sizinlə bərabər araşdırmağa hazırıq”.

Qeyd edək ki, suallara “Azərcell” şirkətindən cavab hazırlandığı bildirilir. Cavablar redaksiyaya təqdim edilən kimi yayımlanacaq.

/// AZADINFORM


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar