Fontu böyüt:
Yaxın vaxtlarda Azərbaycanda dövlətə məxsus rabitə müəssisələrinin özəlləşdirilməsi üçün hazırlıqlara start veriləcək.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib ki, bu il Azərbaycandakı stasionar rabitə müəssisələrinin birləşdirilərək onların bazasında Açıq Səhmdar Cəmiyyətinin (ASC) yaradılması gözlənilir. Stasionar telekom şirkəti adlanacaq yeni ASC-yə ölkənin əsas rabitə müəssisələri – «Aztelekom», Bakı şəhər Telefon-Rabitə İstehsalat Birliyi və onların ətrafında olan digər müəssisələr daxil olacaq.
Səhmləri 100%-i dövlətə məxsus olan ASC-nin idarə edilməsi ilə Əmlak Məsələləri üzrə Dövlət Komitəsi məşğul olacaq. İkinci mərhələdə isə bu qurumun özəlləşdirilməsinə başlanacaq.
Əli Abbasovun sözlərinə görə, bununla da Azərbaycanın İKT bazarında normal bazar sistemi qurulacaq: «Yəni bazarda yalnız tənzimləyici orqan və özəl şirkətlər olacaq. Bu orqan özəl şirkətlər arasındakı münasibətləri tənzimləyəcək». APA