Fontu böyüt:
Dekabrın 19-da Beynəlxalq Mətbuat Mərkəzində Elektron Hökumət Portalının operatoru – Rabitə və
Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi "Mənim
elektron hökumətim” adlı məqalə və video süjet müsabiqəsinin qaliblərinin elan
edilməsi və mükafatlandırma mərasimi keçirilib.
Xeberler.az-ın
məlumatına görə, tədbiri Mərkəzin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Ruhəngiz
Mehmanqızı açaraq bildirib ki, müsabiqəyə 7 videomaterial və 48 məqalə təqdim edilib.
Və qaliblər artıq müəyyən edilib.
Mərkəzin
direktoru Nail Mərdanov müsabiqənin məqsədlərindən
danışıb. O, bildirib ki, əsas məqsədimiz elektron hökumət, elektron xidmətlərin
təbliğatını daha da genişləndirmək, ictimaiyyəti daha da yaxından məlumatlandırmaq
və media mənsublarını işimizə daha yaxından cəlb etməkdir: “Artıq iki ildir ki,
belə bir müsabiqə keçirilir. Müsabiqənin əhəmiyyəti ondan ibarətdir ki, artıq
media işçilərimize-höküməti daha dərindən öyrənə bilir və mətbuatda müxtəlif
yazılarla çıxış edirlər. Bu da bizə elektron hökümət quruculuğu sahəsində
sosial tələblərin müəyyənləşdirilməsində yaxından kömək edir”.
Nail
Mərdanov vurğulayıb ki, müsabiqəyə təqdim olunan bütün məqalələr öyrənilib,
sosial tələb və təkliflər ümumiləşdirilib. Bütün bu tələb təkliflər müvafiq
qurumlara göndəriləcək və elektron hökumətin işində yararlı məlumat kimi
istifadə olunacaq.
Tədbirdə
çıxış edən Orta Asiya və Güney Qafqaz Söz azadlığı Şəbəkəsinin sədri Azər Həsrət
bildirib ki, ictimai rəyin formalaşmasında elektron hökümətin özünə əsaslı şəkildə
yer tuta bilməsində bu müsabiqənijn böyük rolu olacaq: “Yazıları nəzərdən keçirəndə
o açıdan baxmağa çalışdıq ki, bu yazıları oxuyan sadə oxucu həmin yazılardan nə
isə öyrənə bilsin. Bu müsabiqədəki yazılar daha böyük kütlənin diqqətini cəlb
edə bilir və insanları maarifləndirir. Yazıların yoxlanılmasında maksimum
obyektiv olmağa çalışdıq. QHT vətəndaş cəmiyyətləri, jurnalistlər, elmi dairələrin
nümayəndələrinin iştirakı ilə biz dəyərləndirmə apardıq və ümid edirik ki,
qaliblər sevinəcək. Qalib gəlməyənlər isə kədərlənməyəcək, çünki bir yarış
varsa, orada həm qalib var, həm də qalib olmayan. Ləyaqətli şəkildə məğlub
olmağın özü bir gözəllikdir”.
İnformasiya
Texnologiyaları İnstitutunun şöbə müdiri Rasim Mahmudov elektron vətəndaşın yetişdirilməsinin vacib məsələ
olduğunu deyib. O, qeyd edib ki, vətəndaşlar elektron xidmətləri qəbul edib,
xidməti mənimsəməyə hazır olmalıdır: “Ona görə də, bu layihə uğurlu bir layihədir.
Ümid edirəm ki, müsabiqədəki nominasiyaların sayı artırılacaq”, deyə Rasim
Mahmudov əlavə edib.
Rabitə
və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə müsabiqəyə təqdim
olunan məqalələrlə tanış olduğunu və münsiflər heyətinin öz işinə məsuliyyətli
və obyektiv yanadığını diqqətə çatdırıb.
Sonra qaliblərin mükafatlandırılması mərasimi baş tutub.
"Mənim Elektron Hökumətim" məqalə və video süjet müsabiqəsinin qalibləri:
Video material nominasiyası üzrə |
Məqalə nominasiyası üzrə |
1-ci yer Səkinə
Zeynalova 2-ci yer Nicat Abdullayev 3-cü yer Jalə Quliyeva |
1-ci yer İlhamə İsabalayeva 2-ci yer Elnarə Kərimova 3-cü yer Ramin İlyasov 4-cü yer İsmayıl İsmayılov 5-ci yer Limunət Əmrahl |
1-ci
yerin qaliblərinə - 2500 manat , 2-ci
yerin qaliblərinə isə 1500 manat pul
mükafatı verilib.
3,4,5-ci yerin qaliblərinə noutbuk hədiyyə olunub.
Hər bir iştirakçıya e-imza vəsiqəsi və kart
oxuyucu təqdim edilib.