Fontu böyüt:
Xəbər verdiyimiz kimi, «Xəzər Lənkəran» futbol klubunun prezidenti Mais Məsimov özünün və ailəsinin şərəf-ləyaqətinin təhqiri iddiası ilə Fanat.az portalının köşə yazarı Natiq Muxtarlını və sayt layihəsinin rəhbəri, həm də "Qaynar.info"-nun bash redaktoru Zahir Əzəməti məhkəməyə verib. M.Məsimov məhkəmədən hər iki jurnalistin Cinayət Məcəlləsinin böhtan və təhqir maddələri ilə məsuliyyətə cəlb edilməsini xahiş edir.
Qaynar.info-nun baş redaktoru Zahir Əzəmət «Azadlıq» radiosuna açıqlamasında deyib ki, o məhkəməyə verilməsinin səbəbini anlamır.
Çünki Fanat.az saytının təsisçisi və baş redaktoru deyil. Bu barədə saytda da qeyd var. O, sadəcə, layihə rəhbəridir: «Əgər bu bir yanlışlıq və anlaşılmazlıq deyilsə, onda iddianın sifarişli olduğunu düşünməyə əsasımız yaranır».
«Xəzər Lənkəran» futbol klubunun mətbuat xidmətinin rəhbəri Tural Əsgərov isə "Azadlıq" radiosuna açıqlamasında bildirib ki, saytın baş redaktoru kənarda qaldığı halda, layihə rəhbərinin - yəni Zahir Əzəmətin də məhkəməyə verilməsinə, burada deyəsən, müəyyən anlaşılmazlıq olub. Ola bilər ki, onları qarışıq salıblar və ya bunun başqa məntiqi əsası var. Hər halda bunu hüquqşünaslar izah edə bilər. Məhkəmədə aydınlaşacaq ki, bəlkə heç layihə rəhbərinin məsələyə aidiyyatı yoxdur».
İşə Nərimanov rayon Məhkəməsində baxılacaq. Hazırlıq iclası iyulun 9-na təyin edilib.