Fontu böyüt:
Məlum olduğu kimi, martın 30-dan aprelin 10-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Telekommunikasiyanın İnkişafı üzrə Ümumdünya Konfransı keçirilib. Konfransda İKT sahəsinin inkişaf perspektivləri müzakirə olunub.
Konfransda Beynəlxalq Telekommunikasiya İttifaqına (BTİ) üzv olan 168 ölkədən nümayəndə, o cümlədən Azərbaycan rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.
Konfransın plenar iclasında BTİ-nin Baş katibi Hamadun Ture Azərbaycanın nümayəndəsi Nuru Əhmədovu Beynəlxalq Telekommunikasiya İttifaqının işinə verdiyi töhfələrə görə İttifaqın qızıl medalı və sertifikatı ilə təltif edib.
Qeyd edək ki, ilk dəfədir ki, Azərbaycan vətəndaşı belə beynəlxalq mükafata layiq görülür.
Əhmədov Nuru Ağamirzə oğlu 28 iyun 1942-ci ildə Gürcüstan Respublikasının Tbilisi şəhərində anadan olub.
1965-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirib. Dövlət Plan Komitəsinin "AzETİETM" sənaye, rabitə və nəqliyyat şöbəsinin rəisi, Azərbaycan SSR Rabitə Nazirliyinin MTİ-nin rəisi, Bakı Rabitə Kollecinin direktoru, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəisi və "AzEuroTEL" Birgə Müəssisəsinin baş direktoru vəzifələrində işləyib.
Evlidir, iki övladı var. (İctnews)