Fontu böyüt:
Dünən Netty 2011 Azərbaycanın Milli İnternet Mükafatına start verilib. Əvvəlki illərdə olduğu kimi bu il də Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi mükafata təşkilatı dəstək verir.
Xeberler.az portalının Rabitə və İnformasiya nazirliyinin rəsmi internet səhfəsinə istinadən verdiyi xəbərə görə, Mükafatın keçirilmə şərtlərinə uyğun olaraq, artıq dünəndən müsabiqə iştirakçılarının və virtual jüri üzvlərinin qeydiyyatı başlanıb. www.netty.az saytında keçirilən qeydiyyat cari ilin may ayının 7-dək davam edəcək.
Müsabiqə 12 əsas və 2 əlavə nominasiyalar üzrə ən yaxşılarını müəyyən edəcək. 7 may tarixindən 14 may tarixinədək virtual jürinin səsverməsi nəticəsində mükafatın namizədlərinin müəyyən olunacağı nəzərdə tutulur. Hər təqdim edilmiş kateqoriyada üç namizəd müəyyən edilir. Mayın 14-də virtual jürinin seçiminə əsaslanaraq, milli informasiya texnologiyalar sahəsində fəaliyyət göstərən görkəmli xadimlərdən ibarət Netty-2011 Akademiyasının səsverməsi başlayır. Akademiya qapalı səsvermə vasitəsilə namizədlərin ümumi sayından hər nominasiyadan bir qalibi seçərək Netty-2011 finalçılarını müəyyən edir.
Qeyd olunan müddət çərçivəsində, həmçinin müsabiqədən kənar fəxri nominasiyalar üzrə akademiyanın səsverməsi keçirilir. Netty-2011-in qalibləri 21 may tarixində təntənəli mərasimdə rəsmi elan edilir.
Qeyd etmək lazımdır ki, Netty 2011 çərçivəsində Facebook sosial şəbəkənin istifadəçiləri mükafat iştirakçılarına qiymət verə bilərlər. Hər nominasiyada Facebook iştirakçılarından ən çox səs toplayan sayt müəyyən ediləcək.