İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Sosial media vasitələri ilə kitab satışını necə reallaşdırmaq olar?

27.07.2012 [12:13]

Fontu böyüt:      

Mövzu ilə bağlı müsahibimiz gənc yazar, "Miras: Bakının sirri" kitabının müəllifi və eyni zamanda çəkdiyi rəsmlərlə tanınan Çingiz Mehbaliyevdir.

Mövzu ilə bağlı müsahibimiz gənc yazar, "Miras: Bakının sirri" kitabının müəllifi və eyni zamanda çəkdiyi rəsmlərlə tanınan Çingiz Mehbaliyevdir. Biz onunla müasir informasiya texnologiyaları və sosial media vasitələrindən istifadə edərək kitab satışını necə artırması barədə danışacayıq.

Kitabın oxuculara tanıdılması üçün əsasən hansı informasiya texnologiyaları və sosial media vasitələrindən istifadə edirsiniz ?

- Biz bu resursların hər birindən ayrı-ayrılıqda  istifadə edirik. Belə ki, kitabın özünün rəsmi saytını açdıq (http://miras.mehbaliyev.az/), Facebook-da kitab üçün ayrıca səhifə yaratdıq (http://www.facebook.com/MIRAS.Bakinin.Sirri), mənim şəxsi Twitter profilimin dizaynını dəyişdik (https://twitter.com/chingizart), Youtube-a isə kitabın promo videosunu yerləşdirdik (www.youtube.com/watch?v=Vx55t3u7YFU).

Kitabla bağlı ilk reaksiya bloqqerlərdən gəldi. Kitabın satışa çıxdığı ilk iki həftə ərzində 4 müxtəlif bloqqer kitabla bağlı öz düşüncələrini bloqlarında yazdılar (1. İbrahim Niftiyev: http://niftiyevibrahim.blogspot.com/2012/06/cingiz-mehbaliyev-miras-baknn-sirri.html; 2. Qələndər Məmmədli http://qazimemmedli.blogspot.com/2012/07/miras-baknn-sirri-cingiz-mehbalyev.html; 3. Nilufər Elçinqızı: http://realnagil.com/?p=1726; 4. Günel Mehrəliyeva http://kitabadamyemir.blogspot.com/2012/06/cingiz-mehbalyev-miras-baknn-sirri.html) , bir bloqqer isə kitabdan olan hissəni bloqunda yerləşdirdi (http://qalamiz.blogspot.com/2011/06/cingiz-mehbalyevin-miras-baknn.html). Onu da demək istərdim ki, bloqqerlərdən birinə verdiyim müsahibə (http://qazimemmedli.blogspot.com/2012/07/cingiz-mehbalyevl-maraql-sohbt.html) indiyə qədər də satışa təsir edən amillərdəndir.

Qısa müddət ərzində oxucular öz sosial şəbəkələrdəki hesablarında kitab barəsində müxtəlif statuslar yazmağa başladılar. Səmimi desəm, nəticə gözlədiyimdən uğurlu oldu. İlk günlərdə "Əli və Nino" kitab mağazaları şəbəkəsinin ParkBulvar-dakı dükanında kitablar satılıb qurtardı. Növbəti həftədə isə həmin şəbəkənin MetroParkda mağazasında  kitab qalmadı. Sonrakı günlərin birində isə "Əli və Nino"  kitab mağazasından mənə zəng olundu və satış üçün yeni kitablar istənildi. Bir müddət keçəndən sonra mənim özümün də xəbərim olmadan Yurd TV-də kitabımla bağlı süjet hazırlandı və onlayn yayımlandı  (http://yurd.tv/articles/1197). Bütün bunlara paralel olaraq ölkənin əsas kitab mağazalarından olan “Əli və Nino” mağazalar şəbəkəsinin (http://www.alinino.az/az/book.php?id=5638) və ADA Kitab Mərkəzinin (http://www.adabook.az/az/books/7344) də saytlarında kitab haqqında məlumat yerləşdirdilər.

Dediklərinizdən hansı sosial media saytları daha effektivdir?

- (düşünür...) Bilirsiniz, mən bu resurslardan birini digərinə qarşı qoymazdım. Çünki, hər birinin öz yeri var. Burada əsas məsələ hər birini düzgün olaraq təyinatı üzrə istifadə etməkdir. Məsələn, biz kitabın promo videosunu Youtube-a yerləşdirmişik və oxucuların marağını hər həftə baxış sayının nə qədər artması ilə ölçürük (www.youtube.com/watch?v=Vx55t3u7YFU). Facebook-da yerləşdirdiyimiz videonun  baxış sayının artmasını isə bu cür izləmək bir az çətinlik yaradır. Əvəzində isə Facebook-un digər üstünlükləri var. Facebook ictimai müzakirələrin yaradılması baxımından daha effektivdir. Twitter qısa statuslar yazmaq, kitabla bağlı yenilikləri tez çatdırmaq baxımından əladır. Sosial media vasitələrinin daha bir üstünlüyü bu saytların praktiki olaraq hər yerdə əlçatan olmasıdır. Yəni, adi mobil telefonu olan insan asanlıqla bu şəbəkələrdən istifadə edə bilər.

Sizin "Miras: Bakının sirri" kitabının 365-ci səhifəsində sosial şəbəkələrdə olan şəxsi hesablarınızı yazmısınız. Buna zərurət nədən yarandı və nə kimi əhəmiyyəti oldu?

Yazdığım kitaba sosial şəbəkələrdəki profillərimi və şəxsi e-mailimi yazmaqla bir növ zamanın tələbinə cavab vermiş oldum. Çünki, müasir dünyamizda adi insanlardan tutmuş ölkə prezidentlərinə qədər əksər adamların sosial şəbəkələrdə profilləri var. Bu, təkcə zamanın tələbinə cavab vermək istəyindən irəli gəlmirdi, bu həm də sadə oxucu ilə birbaşa və səmimi əlaqə qurmaq istəyindən irəli gəlirdi. Kitabda profillərimi yerləşdirməyimin effektini tezliklə hiss etməyə başladım. Belə ki, Facebook-dakı hesabımda (http://www.facebook.com/chingiz.mehbaliyev) dostlarımın sayı qısa müddət ərzində 2000 nəfəri, Twitter-də məni (https://twitter.com/chingizart) izləyənlərin sayı isə 1000 nəfəri keçdi. İndi də bunun müsbət mənada nəticəsini görürəm. Bütün bunlar mənə oxucularla birbaşa əlaqə qurmaq imkanı yaratdı. Artıq oxucularımdan mesajlar qəbul etməkdəyəm və bu mənə böyük zövq verir. Deyə bilərəm ki, bir çox oxucumla artıq dostlaşmışam (gülümsəyir...).

PR kampaniyanızı necə qurdunuz?

- Çox yaxşı sualdır. Deyə bilərəm ki, uğurlu PR strategiyanın qurulması üçün baş sındırmalı oldum. Mən təkcə fikirləşməklə və planlaşdırmaqla kifayətlənmədim. Eyni zamanda kifayət qədər PR materialları hazırladım. Onların böyük əksəriyyəti elektron versiyadadır və internet resursları vasitəsilə yayılır. Bura kitabdan hissələr, profil fotoları, Facebook üçün üzlük fotoları (cover photo), Twitter üçün arxa fonun dizayn fotosu, promo video və digər materiallar daxildir. Kitab çap olunandan sonra isə oxucu fikirlərini ayrıca olaraq yayımlamağa başladıq. Hazırladığım PR materiallarını və strategiyamı ölkənin ən nüfuzlu naşirlərindən birinə göstərəndə o, “reklamı mükəmməl düşünmüsən” deyərək öz münasibətini bildirdi. Daha sonra isə düşüncələrimi, planlarımı, materiallarımı reklam və PR şirkətlərinin birinin sahibinə göstərdim. Onun da simasında müsbət mənada təəccüb və maraq hissini gördüm. Bundan sonra özümə əminliyim daha da artdı. Özlüyümdə "mən düzgün yoldayam" qənaətinə  gəldim.

İT və sosial mediada təbliğat işində Sizə kömək edən varmı?

-  Mənim ən yaxşı köməkçilərin oxucularımdır. Onlar kitabı oxuyandan sonra sosial şəbəkə profillərində kitab barədə və ya kitabdan seçmə cümlələrdən statuslar yazırlar. Bu isə onların dostlarının marağına səbəb olur, bəyənir və  şərh yazaraq kitabla bağlı təəssüratları soruşurlar. Beləliklə,  adi statusdan başlayan bir neçə cümlə kitabın geniş ictimai müzakirəsinə çevrilir. Oxucular mənim adımı müəllif olaraq təq etdiklərindən mən də yazılanları izləyə bilirəm və hətta bu müzakirələrə qoşuluram. Bu isə müzakirələri daha canlı və effektiv edir.
Eyni zamanda dostlarım da mənə bu sahədə köməkliklərini əsirgəmir və onlayn vasitələrlə mənə kömək olurlar. Oxucu fikirləri mənim üçün daim dəyərlidir. Ona görə də hələ ki, bir kitabın onlayn təbliği sahəsində heç bir yazıçının Azərbaycanda etmədiyini ilk dəfə olaraq etmək qərarına gəldim və kitabın Facebook səhifəsində "Oxucu fikri" qovluğunu (http://www.facebook.com/media/set/?set=a.376871175709357.86460.162936493769494&type=3) yaratdım və oxucuların fikirlərini oraya əlavə etdim.

Oxucularım da mənə onlayn sürprizlər etdilər (gülür...). Məsələn Qələndər Məmmədli adlı oxucu kitab barədə məlumatı online kitab saytlarına – Goodreads-ə (
http://www.goodreads.com/book/show/15747905-miras) və Vikitap-a (http://www.vikitap.com/kitap/Miras-Bakinin-Sirri-85306) yerləşdirdi.

Gün ərzində neçə saat internetdə kitabla bağlı işlərlə məşğulsunuz?

Burada əsas məsələ gündə neçə saat internetdə oturmaq deyil, burda əsas məsələ lazımlı saatlarda internetdə olmaqdır. Mən insanların Facebook və Twitter-də günün hansı saatlarında daha aktiv olduğunu bilirəm. Ona görə də çalışıram ki, məhz həmin saatlarda onlayn olum. Ümumilikdə isə yalnız kitabla bağlı olaraq təxminən 30-90 dəqiqə internetdə oluram. Yeni materiallar yerləşdiriləndə və paylaşanda bu müddət arta və ya azala bilər.

Sizcə onlayn metodlar, yoxsa oflayn metodlar daha effektivdir?

- Bu xeyli dərəcədə Sizin hədəf kütlənizdən asılıdır. Xüsusilə vurğulamaq istərdim ki, əgər Sizin hədəfiniz gənclərdirsə, onda onlayn vasitələr Sizin üçün daha keçərli olacaq. Əgər Sizin hədəfiniz nisbətən yaşlı təbəqədirsə onda yaxşı olardı ki, oflayn metodlara müraciət edəsiniz. Mən öz PR təcrübəmdən deyə bilərəm ki, hər ikisini eyni anda da istifadə etmək olar. Misal üçün mənim kitabımın posterlərini gənclər təşkilatlarının ofislərində və kitab mağazalarında görmək olar, həm də onlayn üsullarla bu posteri yayırıq.

Son söz olaraq nə demək istərdiniz?

Son sözüm budur: məhsulun keyfiyyəti ən yaxşı reklamdır! Əgər Sizin müştəriləri qane edəcək məhsulunuz yoxdursa, hətta ən yaxşı PR və marketinq strategiyası, o cümlədən sosial şəbəkələr Sizin köməyinizə gələ bilməz. Müştəri ilk olaraq Sizin məhsula inanmalıdır, daha sonra isə Sizin reklamınıza.

 


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar