Fontu böyüt:
XEBERLER.AZ-ın saytının layihəsi olan
Seçki marafonunda internet və yeni medianın imkanlarından necə istifadə edəcəksiniz?
Mən Azərbaycanda hal-hazırda daha çox populyar olan Facebook sosial şəbəkəsindən istifadə etməkdəyəm. Facebookda mənim 4500-dən çox dostum var və burada ən azından gündə 3-4 dəfə məlumatlarımı paylaşıram. Facebookdan mikrobloq kimi istifadə edirəm. Eyni zamanda Razi Nurullayev adında facebook səhifəm (fan page) də var. Burada məqalələrimi bölüşürəm. Digər bir tərəfdən Twitter sosial şəbəkəsindən də aktiv istifadə edirəm.
Azərbaycanda internet son illərdə kütləviləşməyə başlasa da, hələ də elə insanlar var ki, internet haqda anlayışları yoxdur. Sizcə internetdəki təbliğatın effekti olacaqmı?
Mən hesab edirəm ki, gələn seçkilərdə namizədlərin çox hissəsi, internet üzərindən kampaniyalar aparacaq. Ümid eliyirəm ki, növbəti 5 il ərzində seçicilərin internet üzərindən səsverməsi də başlayacaq. Müxtəlif namizədlər müxtəlif səhifələrdə özlərinə bloqlar yaradacaqlar. Mənim şəxsi veb səhifəm www.razinurullayev.com -dur eyni zamanda www.blog.razinurullayev.com bloqumda fəaliyyət göstərir. Heç şübhəsiz ki, İnternet seçicilərlə əlaqə yaratmaq imkanlarını da genişləndirir.
Ümumiyyətlə, maraqlanmısız ki, sizin dairədən olan insanların neçə faizi internetin imkanlarından yararlanır?
Mən 23 saylı Nəsimi-Sabayıl seçki dairəsindən namizədliyimi irəli sürmüşəm. Bu dairə isə şəhərin mərkəzinə düşür. Bütöv mərkəz hissə mənim ərazimə düşdüyündən, onların əksəriyyətində internet imkanları var. Hətta mən imza toplama kampaniyası zamanı gördüm ki, insanlar mənim veb saytımla, bloqumla maraqlanırlar. Türkiyədə belə bir söz var “Hər hansı bir seçicinin evinə gedib onun çayını içməmisənsə, artıq o sənin seçicin deyil.”
Əlbəttə ki, mənim dairəmdə olan 14 min seçicinin çayını içə bilmərik. Amma, internet vasitəsi ilə onlarla əlaqə yaradıb onların problemlərini eşidirik və eşidəcəyik. Bu da bizim üçün böyük imkanlar yaradır.
Sosial şəbəkələr və bloqlar. Sizcə təbliğat üçün hansı daha üstündür?
Hal-hazırda istifadəçilrin çoxluğu baxımından sosial şəbəkələr daha populyardı. Ancaq, bloqlar da daha çox oxunur. Mən bloqları daha çox ciddi insanların oxuduğunu düşünürəm. Eyni zamanda bloqnan sosial şəbəkəni sinxronlaşdırmaq da olur. Onları sinxronlaşdırmaqla bloqda olan məlumatı sosial şəbəkə də bölüşmək imkanı yaranır. Və yaxud da əksinə.
Seçicilərlə görüşlərinizi bloqunuzda və ya youtube-də yayımlamaq fikiriniz varmı?
Əlbəttə, belə fikirlərimiz var. Biz artıq seçki qərərgahının üzvləri ilə görüşmüşük. Seçicilərlə şəkillər çəkdirmişik. Bu materialları həm bloquma, həm də, facebook səhifəmə yerləşdirəcəm.
İnternet portallara reklam verəcəksinizmi? Verəcəksizsə hansı şərtləri ödəyən saytlara üstünlük verəcəksiz?
Əlbəttə ki, mən reklamlarımı daha çox istifadəçi sayı çox olan portallara vermək istəyərdim. Gündə heç olmasa 1000 nəfərin daxil olduğu bir portal daha uyğun olardı. Amma, maddi imkanların da burda rolu böyükdü. Maddi vəziyyətin daha yaxşı olmağı reklamların da daha böyük portallarda yerləşdirilməsi deməkdir.
Bəziləri düşünür ki, Azərbaycanda siyasi vəziyyət mürəkkəbləşsə facebook, youtube, tvitter kimi saytlara qadağa qoyulacaq. Sizcə belə bir hal ola bilərmi? Əgər olsa nə kimi tədbirlərə əl atacaqsınız?
Mən müəyyən mənada həmin şəbəkələrin fəaliyyətində maneələrin yaradılmasına inanıram. Amma, birdəfəlik bağlanmasına inanmıram. Bu istisnadır. Azərbaycan höküməti heç vaxt belə bir mürtəci addım atmaz. Mən hətta gözləyirəm ki, bu seçkilərdə iqtidar da sosial şəbəkələrdən geniş istifadə etsin. Artıq bunu müşahidə etmək olur.
Bu yaxınlarda deputatlığa namizədlərdən biri belə bir təklif irəli sürdü ki, seçkilərdən əvvəl virtual seçki keçirilsin. Onun fikrincə bu addım seçkiləri daha da şəffaf edər. Siz bu fikirlə razısınızmı? Sizcə belə bir şeyə ehtiyac varmı?
Mən hesab edirəm ki, seçkilər virtual keçirilə bilməz. Ancaq səsvermə keçirilə bilər. Düşünürəm ki, Azərbaycan kimi tam oturuşmamış bir ölkədə, virtual səsvermənin keçirilməsi qanun pozuntularının artması ilə müşahidə oluna bilər.
Xeberler.az-ın yeni layihəsi olan “Seçki və İKT” haqqında nə deyə bilərsiniz?
Mən Xəbərlər.az portalını Azərbaycanın internet məkanı üçün çox dəyərli bir portal hesab edirəm. Çünki, burada bütün dünyada olan İKT xəbərlərini görmək mümkündür. Azərbaycanda xəbərlər.az saytına böyük ehtiyac var. Buna görə də şəxsən mən bu portalı lazımlı portal hesab edirəm. “İKT və Seçki” layihəsini də önəmli bir layihə kimi qəbul edirəm. “Seçki və İKT” Azərbaycanda İKT sahəsində marağa səbəb olacaq.