Fontu böyüt:
Sərginin ikinci günü, 5 noyabr tarixində “BakuTel” çərçivəsində ənənəvi İKT konfransı keçiriləcək.
Konfransda yerli telekommunikasiya bazarı, stasionar rabitə və mobil rabitə sektorları, habelə ən yeni texnologiyaların tətbiqi üzrə aktual məsələlərin müzakirə ediləcəyi nəzərdə tutulur. Burada iştirakçılar həmçinin müəssisələrin biznes proseslərinin optimallaşdırılması üçün nəzərdə tutulmuş ən son həll variantları ilə tanış ola biləcəklər. Konfransda aparıcı beynəlxalq və yerli informasiya texnologiyaları və telekommunikasiya şirkətlərinin mütəxəssislərinin öz məruzələri ilə çıxışları gözlənilir. Onlar böyük məmnuniyyətlə iştirakçıları proqram təminatı və informasiya texnologiyaları sahəsində əldə edilmiş ən son nailiyyətlər ilə tanış edəcəklər.
Konfrans səmərəli işgüzar mühit yaradacaq və burada telekommunikasiya və informasiya texnologiyaları bazarının ən mühüm problemlərini bilavasitə bu sektorun mütəxəssisləri ilə müzakirə etmək imkanı yaradılacaq.
Bundan əlavə, konfrans çərçivəsində tibb, eləcə də elektronika sahələrində nanomaterialların istifadəsi perspektivlərinə həsr edilmiş sessiyaların təşkili planlaşdırılır. Yaponiya və Türkiyənin tanınmış universitetlərinin alim və professorları, eləcə də Azərbaycan alimləri öz məruzələri ilə çıxış edəcək və böyük məmnuniyyətlə öz elmi əsərləri və araşdırmaları ilə bölüşəcəklər.