Fontu böyüt:
Ekspertlər efirdə açıq saçıq səhnələrin göstərilməsi məsələsinin müzakirəsində qəbahət görmürlər.
Media Hüquq İnstitutunun direktoru Rəşid Hacılı
“MRTŞ-in teleradio yayımçılarına bütün xəbərdarlıq və digər iradları yazılı olmalı və dəlil bazasına malik olmalıdır”, deyə Media Hüquq İnstitutunun direktoru Rəşid Hacılı məsələni Turana şərh edərkən bildirib.
Hacılı qeyd edib ki, radio efirində adı çəkilən mövzunun müzakirəsində heç bir qanun pozuntusu yoxdur. Onun fikrincə, belə mövzuların yayımını vaxt çərçivəsi ilə (23.00-dan sonra) məhdudlaşdırmaq olmaz, belə ki, müzakirələrin gənclərin tərbiyəsinə müsbət təsiri də ola bilər.
Ekspert izah edib ki, milli-mənəvi dəyərlərin qorunması haqda qanunvericiliyə istinad açıq səhnələr olan filmlərin və ya fraqmentlərin nümayişi zamanı yerinə düşər. Buna görə, MTRŞ-in xəbərdarlığı yazılı olmalı və sübutlara əsaslanmalıdır.
Televiziya sahəsində müstəqil ekspert Zeynal Məmmədli
“Belə mövzuların efirdə müzakirəsindən qaçmaq düzgün olmazdı”, deyə öz növbəsində Televiziya sahəsində müstəqil ekspert Zeynal Məmmədli bildirib.
“Əgər problemlərə göz yumsan, onları heç vaxt həll edə bilməzsən”, deyə o əlavə edib. Bu mövzular gənclərin maarifləndirilməsi, məlumatlandırılması məqsədi ilə müzakirə olunmalıdır. “Əks halda, qadağan edilmiş meyvə həmişə daha şirin görünəcək”, deyə Məmmədli qeyd edib.
Belə verilişləri gecə saatlarına saxlamaq məqsədəuyğun deyil. Əgər onlar gənclərin tərbiyələndirilməsi üçün nəzərdə tutulubsa, onların sağlamlığının da qayğısına qalmaq, verilişləri gənclərin istirahət etməli olduğu vaxtlara saxlalamaq lazımdır. Bu mənada, ekspert hesab edir ki, MRTŞ-in iradları məntiqsizdir.
Bu zaman o qeyd edib ki, televiziyada məsələnin məhiyyətini açıqlamaq üçün hətta filmlərdən çox qısa açıq-saçıq kadrların nümayişinə yol verilir. Amma radioda belə imkan yoxdur, buna görə burada iradlar ümumiyyətlə yersizdir.
MTRŞ tərəfindən şifahi xəbərdarlığın nə dərəcədə qanunauyğun olması məsələsini şərh edən Məmmədli bunu, çox güman ki, MTRŞ-in “təcrübəsizliyinin” özünü büruzə verməsi adlandırıb.
“İstənilən halda, tərəflər bu məsələdən qarşılıqlı ittihamlar üçün istifadə etməməlidirlər. Televiziya və radioda bu mövzuda müzakirə formalarının işlənib-hazırlanması üzrə müzakirələr aparmaq daha məqsədəuyğun olardı”, deyə Məmmədli fikrinə yekun vurub.
Xatırladaq ki, bu yaxınlarda Milli Televiziya və Radio Şurası ANS ÇM-in “Teleradio yayımı haqqında” qanunun 32.0.9 maddəsinin milli-mənəvi dəyərlərin qorunmasına ardıcıl əməl olunması və uşaqların, yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vuran hallarla bağlı MTRŞ-ın qəbul etdiyi Xüsusi Qaydaları pozduğu barədə məlumat yaymışdı.