Fontu böyüt:
Dünyanın ən nəhəng sosial şəbəkəsi
Facebook-dur. Bir çox ölkələrdə Facebook-a giriş qadağan edilib. Analoji hadisə
Azərbaycanda baş verə bilərmi?
Milli Məclisin deputatı Fuad
Muradov Facebook-la bağlı SİA-ya
açıqlama verib: “Hələlik bu barədə rəsmi və ya qeyri-rəsmi məlumat yoxdur. Hazırda
Azərbaycanda hər cür şərait yaradılıb ki, gənclərimiz sosial şəbəkədən istədikləri
kimi istifadə etsin. Bununla bağlı heç bir problem yoxdur. Bu gün Facebook
istifadəçilərinin sayı dünyada olduğu kimi Azərbaycanda da çoxdur. Ancaq deyə
bilmərəm ki, Facebook ölkəmizdə çox populyardır. Doğrudur, yetərincə istifadə
edən var. Düşünürəm, dövlətin həyata keçirdiyi tədbirlər var, çünki terrorizmi
yayan çağırışlar bəzi Facebook səhifələrində mövcuddur. Bunun da bizim müvafiq
dövlət qurumlarımız məşğul olur. Düşünmürəm, belə məsələyə ehtiyac var. Yaxın gələcəkdə
ölkəmizin Facebook-dan imtina etməsini gözləmirəm. Əgər belə bir hal baş verərsə
alternativ şəbəkələr olmalıdır ki, gənclər istifadə etsin. Əvvəllər bu cür
sosial şəbəkələr olmayıb. O demək deyil ki, Azərbaycan gəncləri öz işlərini
görməyiblər. Ona görə də mən bu məsələni o qədər də ciddi hesab etmirəm”.
Azərbaycan İnternet Forumunun
prezidenti, “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin
direktoru Osman Gündüz də münasibət bildirib: “Düşünürəm, ölkəmizdə Facebook
sosial şəbəkəsinin bağlanacağı haqqında yayılan söz-söhbətlər əsassızdır.
Qlobal informasiya resurslarını Azərbaycan ərazisində qadağan olunması ilə
bağlı dövlətin qərar çıxaracağına inanmıram. Çünki qonşu ölkələrin təcrübəsi
göstərir ki, həm Türkiyədə, həm Rusiyada da cəhd olundu. Lakin heç bir ölkədə
bu müsbət nəticə vermədi. Hesab edirəm, dövlət nümayəndələri də Facebook-dan, sosial
mediadan daha effektiv istifadə etməyə çalışırlar, nəinki qadağan etməyi
düşünürlər. Elektron hökumətlə bağlı dövlət qurumları Facebook, Twitter və
başqalarına inteqrasiya edib. Dövlətin özü xidmətlərini vətəndaşlara çatdırmaq
üçün sosial mediadan daha çox istifadə edir. Ölkədə Facebook-un bağlanmasından
söhbət gedə bilməz”.