Fontu böyüt:
200 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə qoşulub. Azərbaycan Təhsil Şəbəkəsi (AZEDUNET) layihəsinin rəhbəri Səməd Abbasovun verdiyi məlumata görə, şəbəkəyə qoşulmuş müəssisələrin sırasında Təhsil Nazirliyi, Bakı şəhər Təhsil İdarəsi, Bakı, Sumqayıt, Gəncə, Şəmkir, Yevlax, Mingəçevir, Goranboy və Hacıqabul şəhərlərdə yerləşən orta ümumtəhsil məktəbləri və digər təhsil qurumları var. Qoşulmuş təhsil müəssisələrinin 165-i Bakının, 35-i isə digər şəhərlərin və inzibati rayonların payına düşür.
S.Abbasov qeyd edir ki, AZEDUNET-ə qoşulmuş təhsil müəssisələrinin əksəriyyətində lokal şəbəkələr yaradılıb, modem, sviç və digər şəbəkə avadanlığı quraşdırılıb.
Onun sözlərinə görə, AZEDUNET-ə ADSL2+ texnologiyası ilə qoşulmuş təhsil müəssisələri arasında sürət orta hesabla 2-10 Mbps təşkil edir. Fibro-optik xətlərlə qoşulmuş müəssisələr arasında isə (10 pilot məktəb, Təhsil nazirliyi, Bakı Şəhər Təhsil İdarəsi) 100 Mbps təşkil edir. Şəbəkə üzrə internet bağlantısı isə 30 Mbps, magistral xətlərin sürəti isə 10 Mbps-dən 1 Gbps-ə qədərdir.
S.Abbasov bildirir ki, Azərbaycan Təhsil Şəbəkəsinə fibro-optik xətlərlə qoşulmuş və “Elektron Məktəb” pilot layihəsində iştirak edən 10 məktəbdə (“İntellekt” məktəb-lisey, 7, 8, 20, 23, 60, 134, 160, akademik Z.Əliyevə adına orta məktəb və Bakı Avropa Liseyi) İP-telefoniya və “video-zəng” sistemi tətbiq olunub. Az bir zamanda “Elektron Məktəb” pilot layihəsində iştirak edən digər 10 məktəbdə də “İP üzərindən Səs və Video” texnologiyaları tətbiq olunacaq.