Fontu böyüt:
ANS telekanalı "Yeni Müsavat" qəzetini məhkəməyə verib. Belə ki, ANS telekanalı Ramazan ayında arağı reklam etməsi barədə "Yeni Müsavat" dərc olunan məqaləni iftira, həqiqətə uyğun olmayan və böhtan xarakterli xəbər sayaraq məhkəməyə üz tutub.
Bu "qəzetin ucuz sensasiya ardınca qaçaraq olmayanı olan kimi qələmə vermək adətindən az-çox xəbərdarıq. Amma indi Müqəddəs Ramazan ayıdır və heç olmazsa, bu ayda "Yeni Müsavat" öz adətinə pəhriz verə və yalan yazmaya bilərdi",-deyə telekanalın bəyanatında bildirilir.
"ANS-Press"in yaydığı bəyanatda habelə bildirilir ki, "ANS Azərbaycan teleməkanında yeganə qurumdur ki, onun ekranında, efirində və səhifələrində spirtli içki ümumiyyətlə reklam olunmur və şirkət bunu televiziya haqqında qanuna əsasən yox, sırf mənəvi-əxlaqi prinsiplərdən çıxış edərək edir. Düz 3 ildir ki, ANS-ə məxsus olan heç bir efir və ekran, həmçinin nəşr məhsullarında spirtli içki reklam olunmur. Nəinki orucluq və Məhərrəmlik aylarında, adi günlərdə belə spirtli içkilərin reklamına qadağa qoyulub".
Öz növbəsində bu bəyənata və ANS-in efirində gedən materiala görə “Yeni Müsavat” qəzeti də ANS-lə bağlı qarşılıqlı iddia qaldıracaq.
"Qaldı ANS-in həşirinə ki, guya bu telekanal araq reklamı vermir; əlbətdəki ağ yalandır. Bu telekanal müntəzəm olaraq “Men” arağının reklamını verir və proses müqəddəs Ramazan ayında da davam etdirilir.ANS-in qəzetimizin ünvanına səsləndirdiyi və yaydığı çirkin böhtanlara isə qəzetimizdə cavab veriləcək. Həm də onların layiq olduğu tərzdə və şəkildə."- deyə qəzet dərc etdiyi rəsmi mövqeyində bildirir.