«Azərbaycanda "KİV haqqında» qanunun 3-cü maddəsinə görə, internet də kütləvi informasiya vasitəsi sayılır. Buna görə internetdə yayılan, şəxsin şərəf və ləyaqətini təhqir edən, şəxsi həyatına toxunan məlumatlar da hüquqi məsuliyyət yaradır».
«Azərbaycanda "KİV haqqında» qanunun 3-cü maddəsinə görə, internet də kütləvi informasiya vasitəsi sayılır. Buna görə internetdə yayılan, şəxsin şərəf və ləyaqətini təhqir edən, şəxsi həyatına toxunan məlumatlar da hüquqi məsuliyyət yaradır».
"ICTnews" xəbər xidmətinin məlumatına görə, bu barədə "Həftə içi" qəzetinə hüquqşünas Ələsgər Məmmədli açıqlama verib.
Hüquqşünas qeyd edib ki, sözügedən qanunda bu məsələ KİV-dən sui-istifadəyə görə yaranan məsuliyyətlə eynidir. Onun sözlərinə görə, əgər məlumatda qəsdən olmayan təhqir elementi varsa, Mülki Məcəllənin 23-cü maddəsinə görə, həmin şəxsə qarşı kompensasiya tələb edilə bilər: «Əgər təhqir qəsdən törədilibsə, o zaman Cinayət Məcəlləsinin 148, böhtan varsa, CM-nin 147-ci maddəsi ilə cinayət işi açıla bilər. Başqa bir ölkədə yaşayıb Azərbaycandakı şəxsi təhqir edirsənsə və sənin yaşadığın ölkənin qanunlarında bu söz azadlığıdırsa, onda sənə qarşı cinayət işi qaldırıla bilməz".
Sosial şəbəkələr üçün etik qaydaların müəyyən edilməsini təklif edən Ə.Məmmədli bildirib ki, təhqir edilən şəxsin iddia qaldırması, bunun araşdırılması və sübut edilməsi üçün müəyyən proseslərin reallaşması tələb olunur: «Amma bir sual ortaya çıxır. Sosial şəbəkə, məsələn, "Facebook" ABŞ-da yerləşir. Amerikada olan bir şəxsin Azərbaycanda kimisə təhqir etməsi necə tənzimlənəcək? Əgər Azərbaycanda bir şəxs başqa ölkə vətəndaşını təhqir edirsə və onun kimliyi müəyyən edilə bilmirsə, bu, prosesdə çətinlik yaradır. Ona görə belə məsələləri daha çox sivil yollarla tənzimləməyə çalışırlar. Yəni təhqir edilən şəxs bu barədə sosial şəbəkə rəhbərliyinə və ya həmin şəxsin özünə yazının silinməsi ilə bağlı məktub göndərir. Bununla bağlı tədbir görülür. Sosial şəbəkələrdə insanların təhqirə məruz qalmaması üçün etik qaydalar müəyyən edilə bilər. Burada birgə əməl edilmə standartı formalaşmalıdır".
Bu prosesin internetdə yayımlanan xəbər saytları və bloqlara aid edildiyini deyən Ə.Məmmədli bildirib ki, məsələ bəzən özünü saytlarda xəbər şərhlərində göstərir:
«Belə təklif olunur ki, əgər təhqir elementi xəbərin özündədirsə, buna sayt rəhbərliyi məsuliyyət daşıyır. Amma xəbərdə deyil, onun şərh bölümündə gedibsə, o zaman sayta məlumat verilir ki, filan xəbərin şərhində mən təhqir olunmuşam. Əgər rəhbərlik onu silməzsə, onda sayt məsuliyyət daşıyır. Sosial şəbəkələrdə bunu tətbiq etmək olmur. Çünki milyardlarla profil var və buna tam nəzarət etmək mümkün deyil. Əgər sosial şəbəkədə yazan şəxsin həqiqətən konkret bir şəxsə aid olduğu sübut olunarsa, həmin şəxsə qarşı cinayət işi qaldırıla bilir".
SEYMUR