Fontu böyüt:
"Azərbaycanda fəaliyyət göstərən digər mobil rabitə operatorlarına 3G xidmətlərinin göstərilməsi üçün lisenziyanın verilməsi onların sözügedən xidmətlərin göstərilməsinə hazırlıq səviyyəsindən asılıdır”. Bunu jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları nazirnin müavini Elmir Vəlizadə bildirib.
O, qeyd edib ki, iki gün öncə “Azercell Telecom” MMC 3G xidmətlərinin göstərilməsi üçün lisenziya almaq məqsədilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə rəsmi müraciət edib.
“Biz bu müraciətə baxacağıq və “Azercell”ə müvafiq cavabımızı verəcəyik. Hələ ki, konkret nə isə demək çətindir”, - deyə E.Vəlizadə bildirib.
Amma maraqlıdır ki, "Azercell" şirkətinin nümayəndələri Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Azerfon”a 3G texnologiyasından istifadə üçün lisenziya verdiyini rəsmən elan etdikdə mediaya açıqlamalar verərək, bu qərardan narazılıqlarını ifadə etmişdilər.Onların sözlərinə görə təmsil etdikləri şirkət 3G texnologiyasını istifadəyə vermək üçün texniki baxımdan 2 il öncədən hazırlıq görüb. Bu günə qədər Dövlət Tezliklər Komissiyasından tezlik almamalarının səbəbinin isə "Azercell" nümayəndələri Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin onlara müvafiq sertifikatı təqdim etməməsi ilə əlaqələndirmişdilər.
Bəs, görəsən, "Azercell"in iki il 3G ilə bağlı hazırlıq görməsinə baxmayaraq, nazir müavini nəyə görə, hələ də şirkətə lisenziya verilməsi məsələsinə tərəddüdlə yanaşır?