Fontu böyüt:
2014-cü ildə Azərbaycanın İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcmi əvvəlki illə müqayisədə 16,2% artaraq 1,7 milyard manatı ötüb.
Xeberler.az həftə.az-a istinadən məlumat verir ki, bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) ötən ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı kollegiya iclasında qeyd edilib.
Bildirilib ki, hazırda ölkə əhalisinin 73%-i internet, 55%-i isə genişzolaqlı xidmət istifadəçisidir. Hər iki göstərici üzrə Azərbaycan dünya orta göstəricisini təqribən 2 dəfə qabaqlayır. Həmçinin, Azərbaycan 100 nəfərə düşən sabit telefon abunəçilərinin sayına görə ümumdünya orta göstəricisini 18%, mobil abunəçilərin sayına görə isə 15,2% üstələyir.
2013-cü illə müqayisədə beynəlxalq internet kanallarının tutumu 50 Gbit/s artırılaraq 300 Gb/s-ə çatdırılıb ki, bu da ölkədə əhalinin internet xidmətlərindən istifadəsinin artmasının göstəricisidir.
Eyni zamanda, rəqəmli TV-nin əhatə dairəsi 99%-ə çatdırılıb ki, bu da MDB ölkələri arasında Azərbaycanın ön sıralarda olmasına imkan yaradıb.