Fontu böyüt:
Bir neçə ay əvvəl mətbuatda MTV-Azərbaycan telekanalının açılacağıyla bağlı xəbərlər gəzirdi. Kanalın əvvəlcə yay aylarında, sonra isə payızda açılacağı deyilirdi. Amma sonradan bu xəbərlər səngidi. İndi nə MTV-Azərbaycandan xəbər var, nə də onun nümayəndələrindən.
Yay aylarında MTV-nin Bakıda konsert proqramı keçirildi və bəzi müğənnilərimiz o tədbirdə iştirakdan imtina etdilər. İmtina edənlərdən biri də Tünzalə Ağayeva idi. Əməkdar artist bu günlərdə həmin tədbirdə nəyə görə iştirak etmədiyini, ümumiyyətlə MTV kanalı ilə bağlı fikirlərini bölüşüb. Xeberler.az saytı həmin fikirləri olduğu kimi təqdim edir.
"Birincisi, gəlin baxaq görək bu nə qədər MTV-nin tədbiri idi. Mən heç vaxt tədbirlərə elə-belə qatılmıram, mənə vacibdir ki, bu tədbirlərin təşkilatçısı kimdir? Nə qədər sağlam insanlardır? MTV artıq dünyada brend olmuş kanaldır. MTV-nin kolay-kolay gəlib Azərbaycanda nəsə etməsi şübhə doğurur. Çünki ən azından bu böyük bir layihə olmalıdır. Hər hansı bir insanın özünü MTV-nin nümayəndəsi kimi təqdim etməsi mənim kimi ifaçıya kar etməz. Bəlkə, kimlərsə buna inana bilərdilər, amma mənə əsla. Sadə tamaşaçı, MTV-ni sevən biri buna inana bilərdi. Nə yaxşı olar ki, Azərbaycanda belə bir televiziya kanalı açılsın. Amma mən MTV-ni açmağı planlaşdıran adamı tanıdıqda əmin oldum ki, bu boş şeydir. Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin adını çəkirlər ki, guya onlardan dəstək alıblar. Amma sonunda yalanları ortaya çıxdı və tədbir də baş tutmadı. Həmçinin orada xəbər getdi ki, dünya ulduzları Bakıya gələcək. Və aydındır ki, həmin ulduzlar 100 min avro, 500 min avro qonorar alacaqlar. Əgər belədirsə, mənim də qonorarımı ortaya qoyun, əvvəlcədən verin mən gəlim oxuyum. Təbii ki, onlar mənə 1 manat da vermədilər. Mən sənətçiyəm və pulumu sənətdən qazanıram. Ümumiyyətlə, MTV söhbəti çox gülməli bir şey idi. Belə şeylərə aldanmaq olmaz".