Fontu böyüt:
Tanınmış ictimai xadimlər ölkədə informasiya azadlığının vəziyyətindən narahatdırlar.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov şirkətlərin bir çoxunun özlərini informasiya sahibi hesab etməmələrini başa düşmədiyini bildirib: “Məsələn ARDNŞ, dövlət büdcəsindən vəsait almamasına baxmayaraq, dövlət tabeçiliyində olan sırf kommersiya qurumudur. Biz onlara indiyə qədər sübut edə bilməmişik ki, siz doğrudan da informasiya sahibisiniz. “İnformasiya haqqında” qanuna görə, hər hansı bir şirkət Azərbaycan bazarında hökmran mövqe tutursa, yəni monopolistdirsə, o informasiya sahibidir. ARDNŞ-dən isə deyirlər ki, biz satdığımız neftin miqdarına görə monopolist deyilik. Azərbaycanda cəmi 50 milyon ton neft hasil olunur, ondan cəmi 8-9 tonu bizimdir”.
İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu isə hesab edir ki, məhz sözügedən şirkət tələb olunan informasiyanın sahibidir: “Çünki 2008-ci ilin dövlət büdcəsindən ARDNŞ-in nizamnamə kapitalının artırılması üçün 600 milyon manat vəsait icra olunub. Həqiqətdə ARDNŞ daxili bazarda neft məhsullarının, eyni zamanda qazın inhisarçısıdır. Çünki daxili bazarda ondan başqa bu məhsulları satan yoxdur. Digər şirkətlər hamısı məhsulları xarici bazara çıxarır. Həmçinin“Azərsu” ASC də sorğulara cavab vermir. “Azərsu” neftin pullarını xərcləyən qurumlardan biridir. Dövlət Neft Fondundan vəsait alır. Biz onlara Oğuz-Qəbələ-Bakı su kəməri ilə bağlı çox müraciət etmişik. Amma bu qurumdan məlumat almaq mümkün deyil”.
İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehdiyev dövlət qurumlarının əksəriyyətinin internet saytı olmadığını, ya da pis vəziyyətdə olduğunu önə çəkib. A.Mehdiyev Dövlət Statistika Komitəsini (DSK) tənqid edib: “DSK sanki fövqaladə hallar rejiminə keçib. Öz bülletenlərini belə yaymaqdan imtina edir. Hətta dövlət qurumlarına göndərdiyi bülletenlərin üstündə müəyyən işarələr qoyub ki, hansı qeyri-dövlət qurumunun əlinə keçdiyi bilinsin. Belə bir vəziyyətlə üz-üzəyik. Bu gün informasiya əldə etmək getdikcə daha da məhdudlaşdırılır”.
Multmedia Mərkəzinin rəhbəri Osman Gündüz tenderlər, müsabiqələr, dövlət satınalmaları haqqında məlumatların demək olar ki, bir- iki dövlət qurumu istisna olmaqla, əksəriyyətinin saytlarında yer almadığını vurğulayıb: “Biz 50 dövlət qurumunun saytını monitorinq edirik. Onların 99%-də bu informasiyalar yoxdur. O cümlədən, dövlət qurumunun büdcəsi və onun icrası ilə bağlı informasiyalar. Xidmətlər və onunla bağlı olan sənədlər, onların qiymətləri, tariflərin formlaşdırılması, boş iş yerləri, onlara verilən tələblər, rəhbər işçilərin qəbul saatları və qəbul qaydaları və s. kimi informasiyalar saytlarda tapılmır. Ancaq bunu da qeyd etmək lazımdır ki, 2007-ci lin nəticəsinə görə, toplam dövlət qurumları üzrə informasiya açığılığı 17% idi , 2008-ci lin nəticəsi isə 27 % dir”.
Azad İqtisadiyyata Yardım Mərkəzinin rəhbəri Zöhrab İsmayılov: “6 sorğu ilə bağlı məhkəməyə müraciət etmişik. Bunlar Nəqliyyat Nazirlyi, ARDNŞ, Dövlət Statistika Komitəsi, Mərkəzi Seçki Komissiyası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Təhsil Nazirliyidir. Ancaq Nəqliyyat Nazirliyi ilə bağılı iş məhkəməyə gedən kimi nazirlik sualların cavabını təqdim edib. Biz də məhkəmə iddiamızı geri götürmüşük. Dövlət Statistika Komitəsinin də işi üzrə məhkəmənin gedişində Statistika Komitəsi bildirib ki, anılaşılmazlıq olub, ona görə sorğuya cavab verməmişik. Komitə sonra sorğuya müffəssəl cavab verib. Geridə qalan dörd iş üzrə məhkəmə prosesi hələ də davam edir. Dörd iş üzrə həm ilkin instansiya, həm də apellyasiya instansiyasını keçmişik. Hazırda bu işlər Ali Məhkəməyə təqdim olunub. Müsbət nəticə omasa, Avropa Məhkəməsinə müraciət etməyi düşünürük”. // Şamo Eminov, AJAŞ Xəbər