Fontu böyüt:
Milli Net 2010 Təşkilat Komitəsi Müsabiqənin gedişi ilə bağlı açıqlama yayıb.
Açıqlamada bildirilir ki , hazırda qeydiyyat davam edir və Müsabiqəyə təqdim olunan saytlara şərhlər yazmaqla iştirakçılar öz münasibətlərini açıqlayırlar.
Təşkilat Komitəsi bildirir ki, Milli Net 2010 başlanandan indiyədək 2000 nəfərdən çox iştirakçı qeydiyyatdan keçmiş, 300-dən çox sayt Müsabiqəyə təqdim edilib. Onlardan 200 –dən çoxu Müsabiqəyə qəbul edilib. Hələlik daha çox sayt İnternet xidmətləri, Asudə vaxt, idman və əyləncə, Elm və təhsil, Korporativ saytlar nominasiyaları üzrə qeydiyyatdan keçib.
100-dən çox sayt isə Müsabiqənin şərtlərinə uyğun gəlmədiyinə görə hələlik müsabiqəyə buraxılmamışdır. Müsabiqəyə buraxılmamağın əsas səbəbləri bu saytlarda qanunvericiliyə uyğun olmayan informasiyaların yerləşdirilməsi, müəllif hüquqlarının pozulması, Azərbaycan dili versiyasının olmaması və müsabiqənin logosunun indiyədək saytda yerləşdirilməməsi olub.
Təşkilat Komitəsi bildirir ki, Müsabiqənin şərtlərinə görə Müsabiqədə iştirakından imtina edilən saytlar imtina ilə bağlı səbəbləri aradan qaldırdıqdan sonra Müsabiqədə iştirakla bağlı yenidən müraciət edə bilərlər. Yenidən müraciət üçün imtinanın səbəblərinin aradan qaldırılması ilə bağlı saytı təqdim edən tərəfindən müvafiq saytda şərhin yazılması yetərlidir. Qeydiyyat prosesi başa çatanadək yenidən müraciət etmək mümkündür.
İndiyədək qeydiyyatdan keçən saytlara 2000-dək şərh yazılıb. Şərhlərin məzmunu ilə bağlı TK-ya beş şikayət daxil olub və müraciətlər ədalətli qaydada həll olunub. Qaydaları pozduğuna və edilən xəbərdarlıqlardan nəticə çıxarmadığına görə bir nəfər Müsabiqədən kənarlaşdırılıb.
Təşkilat Komitəsi bir daha bildirir ki, qeydiyyat prosesi 20 noyabr tarixdə başa çatacaq. İlkin səsvermə 10 Noyabr tarixdə başlayacaq və hər Nominasiya üzrə Nominantlar müəyyən olunacaq. 04 dekabradək yekunlaşacaq sonuncu səsvermə prosesində Nominantlat arasından qaliblər seçiləcək.
Təşkilat Komitəsi tərəfindən hazırda qaliblərin mükafatlandırılmasına hazırlıq işləri görülür. Bu ilki Müsabiqədə yalnız hər Nominasiya üzrə 1-ci yerlərin qaliblərinə Müsabiqənin əsas Mükafatının - tuncdan hazırlanmış, 5 kq. ağırlığında və 30 sm. hündürlüyündə hörümçək toru formasında butanın verilməsi nəzərdə tutulub. Artıq Mükafatların hazırlanması prosesi başa çatmaq üzrədir.
Milli İnternet Mükafatının yekun Təqdimat mərasiminin dekabrın 1-ci ongünlüyündə keçirilməsi nəzərdə tutulub.
Milli Net-2010 Müsabiqəsinə Azercell, DeltaTelekom və HP şirkətləri dəstək verirlər.
Daha geniş məlumat www.millinet.az saytında yerləşdirilib.