Fontu böyüt:
Azərbaycanın aparıcı mobil rabitə operatoru «Bakcell» şirkəti «Alcatel-Lucent» və «Junior Achievement Azərbaycan» şirkətləri ilə birgə «Mobil Telekommunikasiya Biznesinə Giriş» proqramının yeni mərhələsinə başlayıb.
«Bakcell»dən verilən məlumata görə, iki il müddətini əhatə edəcək proqram çərçivəsində 90 ali məktəb tələbəsi işə hazırlıq və biznes etikası üzrə təlim alacaq, mobil telekommunikasiya sektoruna dair silsilə təlimlərdə iştirak edəcək, əldə etdikləri bilikləri «Bakcell» və «Alcatel-Lucent» şirkətlərində peşəkar istiqamətləndirmə vasitəsilə təcrübə kursunda tətbiq edəcək.
«Mobil Telekommunikasiya Biznesinə Giriş» proqramının yeni mərhələsi 2012-ci ilin avqust ayınadək davam edəcək. Tələbələr üçün nəzərdə tutulmuş fəaliyyətlərlə yanaşı, proqram çərçivəsində mobil telekommunikasiya şirkəti üçün xüsusi tərtib olunmuş işə hazırlıq və təcrübə proqramı hazırlanacaq.
Qeyd edək ki, «Bakcell» ilə «Junior Achievement Azərbaycan» təşkilatı əməkdaşlığa 2009-cu ildə başlayıb. Pilot proqram çərçivəsində 54 tələbə iştirak edib. Əməkdaşlığın nəticəsində ölkədə ilk dəfə olaraq mobil telekommunikasiya biznesinə dair təlim kursu hazırlanıb və Azərbaycan və ingilis dillərində dərc edilib.