Fontu böyüt:
Sabah Bakıda öz işinə başlayacaq Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadasında iştirak üçün 49 ölkədən 600-dən artıq yeniyetmə və onların müəllimləri müraciət edib. Bu barədə Azərbaycan gənclər və idman nazirinin müavini İntiqam Babayevin və Beynəlxalq Elm Olimpiadasının prezidenti Masna Gintinqin keçirdikləri birgə mətbuat konfransında məlumat verilib. İ. Babayev deyib ki, Olimpiada kimya, fizika və biologiya fənləri üzrə keçiriləcək: “Olimpiadanın təşkili ilə bağlı ölkə prezidentinin müvafiq sərəncamı olub. Bu məqsədlə iki komitə - təşkilat və elm komitələri yaradılıb. İndiyədək elm komitəsinin 30-dək iclası keçirilib. Sualların məxfiliyini saxlamaq üçün bütün tədbirlər görülüb. Azərbaycan üzrə Beynəlxalq Elm Olimpiadasına Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva sədrlik edəcək”.
İ. Babayevin sözlərinə görə, sabah Olimpiadanın açılış mərasimindən sonra bütün ölkələrdən gələn müəllimlərin iştirakı ilə qapalı şəraitdə sualların müzakirəsi aparılacaq: “Bu addım ona görə atılır ki, sualların qoyuluşu bütün ölkələr tərəfindən qəbul edilsin. Bundan sonra müxtəlif ölkələrdən olan müəllimlər və tələbələr bir-birlərindən izolyasiya olunacaqlar. Sualların hazırlanmasında iştirak edən alimlərin hamısı ingilisdillidir. Komandaların istəyinə görə suallar tərcümə olunaraq verilə bilər”.
Nazir müavini iştirakçıları müşayiət etmək üçün ingilis dilini bilən 100-ə yaxın könüllüdən ibarət tələbə qrupları yaradıldığını açıqlayıb. Olimpiadada qiymətləndirmə elm komitəsi tərəfindən aparılacaq. Olimpiada zamanı həm testlər, həm sınaqlar təqdim olunacaq. Sınaqlar zamanı istifadə olunan maye Azərbaycanın milli brendləri olan feyxoa və nar şirələrindən hazırlanacaq. Hər fənn üzrə 30 sual veriləcək. Azərbaycanı 15 şagird təmsil edəcək. Onlar müxtəlif təhsil ocaqlarından test üsulu ilə seçilib.
İ. Babayev Azərbaycanın 2004-cü ildən keçirilən beynəlxalq elm olimpiadalarının hamısında iştirak etdiyini söyləyib. Son iki olimpiadada Azərbaycan komandası 6 bürünc medal qazanıb. Nazir müavini bəyan edib ki, Azərbaycan komandası Olimpiadada yüksək yerlər tutarsa, həmin şəxslərin ali məktəblərə imtahandan kənar qəbul edilməsi məsələsi gündəmə gələcək: “Biz artıq bununla bağlı müzakirə aparırıq. Bu, beynəlxalq əhəmiyyətli tədbirdir. Çalışacağıq ki, Olimpiadada qalib gəlmiş şəxslərin imtahandan kənar ali məktəblərə qəbul olunmasını təmin edək”.
Beynəlxalq Elm Olimpiadasının prezidenti Masna Gintinq isə bildirib ki, Azərbaycan Beynəlxalq Elm Olimpiadasına sahiblik edəcək ilk Avropa ölkəsidir. Bundan əvvəlki olimpiadalar İndoneziya, Braziliya, Tayvan və Cənubi Koreyada keçirilib. Gələn il olimpiadanın Nigeriyada, 2011-ci ildə isə Hollandiyada keçiriləcəyi gözlənilir. Bununla da Beynəlxalq Elm Olimpiadası bütün qitələri əhatə edəcək.