Bu gün Azərbaycan Texniki Universitetində Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) dəstəyi ilə keçirilən elektron təhsil informasiya sisteminin yaradılması layihəsinin başa çatması ilə əlaqədar tədbir keçirilib.
Bu gün Azərbaycan Texniki Universitetində Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) dəstəyi ilə keçirilən elektron təhsil informasiya sisteminin yaradılması layihəsinin başa çatması ilə əlaqədar tədbir keçirilib.
APA-nın məlumatına görə, tədbirdə çıxış edən ATU-nun rektoru Havar Məmmədov bildirib ki, layihənin əsas məqsədi ATU üçün Koreya ali təhsil müəssisələrində istifadə olunan texnologiyalar əsasında universitet sisteminin yaradılmasıdır.
Onun sözlərinə görə, valideynlər, tələbələr sistemə daxil olmaqla öz nailiyyətləri, davamiyyəti barədə məlumatlar əldə edə bilərlər. H.Məmmədov əlavə edib ki, bu layihənin icrası ilə kağızsız sistemə keçid təmin olunacaq. Daha sonra rektor H.Məmmədov KOİCA prezidenti Yon Mok Kimə (Young Mok Kim) layihənin uğurla başa çatması ilə əlaqədar təşəkkürnaməni təqdim edib.
KOİCA prezidenti Yon Mok Kim də öz növbəsində rektor H.Məmmədova həyata keçirilən işlərə görə təşəkkürlərini bildirib. O qeyd edib ki, KOİCA öz təcrübəsini dünya ölkələri ilə bölüşdürməyə hazırdır. O əlavə edib ki, Koreya ötən əsrin 50-ci illərində baş verən müharibədən sonra ən yoxsul ölkələrdən biri olsa da, bu gün ixrac həcminə görə ilk onluğa daxildir. Təhsilin inkişafının hər bir ölkə üçün vacib olduğunu bildirən Y.M.Kim əlavə edib ki, KOİCA Azərbaycan təhsili ilə bağlı layihələrini həyata keçirməyə davam edəcək.
Qeyd edək ki, 2011-ci ildən bəri həyata keçirilən layihə bu il tamamlanacaq. Layihə universitetin portalının yaradılması, akademik idarəetmənin, distant təhsilin yaradılması, “groupware” adlı sistemin tətbiq edilməsini nəzərdə tutur. (apa.az)