Fontu böyüt:
İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) ilə Kərkükdə fəaliyyət göstərən “Türkməneli” Televiziyası arasında niyyət protokolu imzalanıb.
İTV-nin mətbuat xidmətindən xeberler.az-a verilən məlumata görə, İTV-nin baş direktoru İsmayıl Ömərov və “Türkməneli” Televiziyasının direktoru Yalman Həcəroğlu tərəfindən imzalanan protokola əsasən, tərəflər ortaq proqramlar hazırlayacaq və digər layihələr reallaşdıracaqlar.
“Türkməneli” Televiziyasının texniki və yaradıcı əməkdaşları təcrübə keçmək məqsədi ilə müxtəlif vaxtlarda İTV-yə ezam olunacaqlar. Razılaşmaya görə, “Türkməneli” Televiziyası İTV-nin arxivindən də yararlana biləcək.
Baş direktor İ. Ömərova təşəkkürünü bildirən Y. Həcəroğlu bu günü bütün Kərkük türkləri üçün xoşbəxt gün adlandırıb: “Biz eyni tarixə, eyni mədəniyyətə malik qardaş xalqlarıq. Hesab edirəm ki, TRT, İctimai Teleradio və Türkməneli Televiziyası eyni millətin müxtəlif televiziyalarıdır”.
“Türkməneli” Televiziyası ilə əlaqələrə böyük önəm verdiklərini deyən İ. Ömərov bu əlaqələrin daha da genişlənəcəyini və İTV-nin bu kanala hər zaman yaradıcılıq sahəsində dəstək olacağını söyləyib.