Fontu böyüt:
İnternetdən asılı olan insanlar çox vaxt depressiyadan əziyyət çəkirlər. İnsanlar nə qədər çox internetdə otururlarsa, bir o qədər də özlərini yorğun və bədbin hiss edirlər. İngiltərə alimləri apardıqları psixoloji tədqiqatlardan sonra bu qənaətə gəliblər. İnternetin insanları maqnit kimi cəlb etdiyi məlumdur. Bura əbəs yerə virtual dünya demirlər. Real həyatda görmədiklərimizi də burada görürük, bilmədiklərini öyrənirik, bir sözlə, artıq özümüzü internetsiz təsəvvür etmirik. Əgər internet insanların məlumatlanmasına, hər şeydən xəbər tutmasına, özünü inkişaf etdirməsi və müasirləşməsinə xidmət edirsə, onda niyə depressiya və digər mənfi fəsadlar yaradır?
Ümumiyyətlə, kompüter qarşısında, virtual aləmdə çoxlu vaxt keçirməyin hansı zərərləri var?
Bu sualların cavabını ekspertlərlə birgə axtardıq.
İnternetdən asılı şəxs sevsə də, sevgisini göstərə bilmir
Azərbaycan Praktik Psixoloqlar Assosiasiyasının rəhbəri Elmira Mirzəyeva bildirdi ki, internetdən asılılıq insanlarda “autizm” adlanan psixoloji xəstəlik yaradır. Onun sözlərinə görə, bu xəstəlik beyin fəaliyyətini kütləşdirir, insan həyat təcrübəsindən təcrid olunur: “Ola bilsin ki, kimsə ağıllı, savadlıdır, hisslərində azaddır, sevə bilir, amma o, öz sevgisini göstərə bilmir. Həmin insanlarda nəzəriyyə olur, amma təcrübə yox. Həmin şəxslərin sanki öz aləmi var, bu da virtual aləmdir”.
“Valideyn övladının kompyuterdə işləməsi ilə fəxr edir, ancaq…”
Psixoloq hesab edir ki, bu kimi psixoloji xəstəliklərin qarşısı alınmalıdır: “İnternetdə özünə lazım olan məlumatı əldə etdiyin müddətədək oturmaq olar. Amma bu gün internet hobbiyə, ən əsas məşğuliyyətə çevrilib. İnsanlarla ünsiyyətdə olmağın müsbət emosiyanın yaranmasında təsiri var. İnsan kompyuterdən başqa heç nə ilə əlaqəsi olmadıqda, inkişafdan qalır. Uşaq orqanizmi elə qurulub ki, o, daim hərəkət etməlidir. Lakin indi gənclər hər şeyi hazır və əziyyət çəkmədən internetdə əldə edirlər. Bu gün bizim uşaqlar savadsızdır. Ona görə ki, internetdən hər şeyi hazır götürürlər, düşünmür, axtarmırlar. Təfəkkürün bütün imkanlarından istifadə etmirlər və nəticədə kütləşirlər. Təsəvvür edin ki, kitabı götürüb açıq havada, hər hansı bir ağacın altında da oxumaq mümkündür, amma internetdə olarkən məcbur olub qapalı otaqda, kompyuter arxasında oturmaq məcburiyyətindədir”.
E.Mirzəyevanın fikrincə, bunun qarşısı ailədə valideynlər tərəfindən alınmalıdır. Ekspert deyir ki, bu gün valideyn övladının kompyuterdə işləməyi ilə fəxr edir. Ona görə də, maarifləndirmə işləri aparılmalıdır ki, valideyn internetin fəsadlarını da bilsin və övladını çəkindirsin.
Qeyd edək ki, hazırda dünya ölkələrində autizm xəstəliyinə tutularaq ətraf aləmdən təcrid olunan, daxili aləminə qapılaraq psixoloji sarsıntı keçirən uşaqların sayı həddən artıq çoxdur. Statistika göstərir ki, təxminən hər 1000 nəfər uşaqdan biri autizm xəstəliyindən əziyyət çəkir.
Bu xəstəliyə kimlər tutulur?
AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev bildirdi ki, bu xəstəliyin cəm formasına eskotizm deyilir və bu, cəmiyyətdə insanları real həyatdan uzaqlaşdırıb başqa bir virtual aləmə aparan cərəyandır. Xəstəlik kimi “autizm” sözü öz cəmiyyətindən uzaqlaşmağa yoluxmuş insanlar toplusudur. Bu xəstəliyə əsasən gənclər aludə olur. Gənclər internetdə çox vaxt keçirdikdə asılılıq yaranır. Bu asılılığın müxtəlif formaları var. Aktiv internet istifadəçiləri çatlarda, sosial şəbəkələrdə günlərlə vaxt keçirirlər.
Professor rəyi: “Uşağın real aləmdə marağını təmin etməsən o, öz marağını virtual aləmdə axtaracaq”
R.Əliquliyev qeyd etdi ki, bu problemin həlli üçün dəqiq resept söyləmək çətindir. Ancaq maarifləndirmə işləri aparmaq lazımdır ki, gənclər internetdə çox vaxt keçirməsinlər. Uşaqları internetdən çəkindirmək üçün üsular var.
“Hesab edirəm ki, uşağın real aləmdə marağına uyğun məlumat verməsən, onun məktəbdə, ailədə həyatının maraqlı keçməsini təmin etməsən uşaq öz marağını real aləmdə yox, virtual aləmdə axtarmağa məcbur olacaq və onun təsiri altına düşəcək. Təsir altına düşdükcə isə bunun fəsadları getdikcə artacaq. Nəticədə həmin uşaq başqa bir aləmin sakininə çevriləcək. Bu, çox təhlükəlidir. Əslində bütün dünyada bu, ciddi problemdir”.
Professorun qənaətinə görə, bu problemin həm psixoloji, həm də tibbi tərəfi var. Psixoloji tərəfi odur ki, cəmiyyətin özündə psixolji proseslərin ümumiləşməsi cəmiyyətdə pis hal yarada bilir. Bunun tibbi tərəfi də odur ki, inanlar internetdə saatlarla vaxt keçirdikdə, onun qida rejimi, sanitar-gigyenik normaları pozulur, öz səhhətinin qayğısına qalmır.
R.Əliquliyev onu da bildirməyi vacib saydı ki, bəzən internetdə əldə edilən məlumatlar ekstremist xarakterli olub insanın psixi durumuna mənfi təsir göstərir, sinir sistemini pozur. Bu zaman isə başqa xəstəliklər meydana çıxır.
Uşaqları normal həyata qovuşdurmaq üçün nə etməli?
Bütün dünyada bununla bağlı müəyyən addımlar atılır. R.Əliquliyevin sözlərinə görə, beynəlxalq təşkilatlar tərəfindən bu məsələlər müntəzəm olaraq müzakirə olunur, müxtəlif bəyannamələr qəbul olunur: “Autizm yaradan səbəblər müxtəlifdir. Uşaqları “narkotik” kimi cəlb edə biləcək internet-qumar, internet-kazino oyunları, uşaqları özünə tez çəkən məlumatlar, auido narkotiklər – neyrolinqvistik materiallar var ki, insanların psixologiyasına təsir edir. Buna qarşı mübarizə aparmaq üçün çətinliklər var. Bu işdə hər şey dövlət və ayrı-ayrı təşkilatların üstünə düşmür. Burada şəxsi informasiya mədəniyyəti olamalıdır, cəmiyyəti buna hazırlamaq lazımdır. Orta məktəblərdə uşaqlarla izahatlar vermək, valideynlərlə iş aparmaq, mexanizmlər qurmaq lazımdır. Bu mexanizmlər huquqi, etik, texnoloji mexanizmlərə bölmək olar. Narkotiklə mübarizədə dünya ölkləri necə əl-ələ verir, bu məsələdə beynəlxalq aləm birgə mübarizə aparmalıdır”.
mənbə: milli.az