Fontu böyüt:
Hər kəs internətdəki resurslardan müxtəlif məqsədlər üçün istifadə edir. Hər hansı bir bilgi əldə etmək istədikdə hamının ağlına öncə internet axtarış serverlerinə müraciət etmək gəlir. Bizə lazım olan informasiyanı götürürük və səhifəni bağlayırıq.
Bəzən isə azərbaycan dilində az informasiya tapdığımız üçün şikayətlənirik də. Çoxları internetdən əyləncə məkanı kimi istifadə edir. Amma hər şeyin qloballaşdığı bir dünyada internet sözün əsl mənasında informasiya müharibəsinin savaş meydanıdır.
Xalqların bir-birilə apardığı müharibə indi virtual aləmdə gedir. Burda heç bir qan tökülmür, sadəcə tutarlı faktı olan və kəskin mübarizə aparan qalib gəlir. Bu gün informasiya müharibəsinin getdiyi virtual məkanlardan biri də vikipediyadır. Ümumiyyətlə, Viki konsepsiyası ilk dəfə 25 mart 1995-ci ildə amerikalı Vord Kenninqem tərəfindən işlənmiş və veb-səhifələrin idarəsi, birbaşa veb-brauzerdən redaktə olunması üçün nəzərdə tutulmuşdur.
Vikipediya (Wikipedia) – Viki texnologiyası ilə işləyən, ümumi İnternet vasitəsilə azad yayımlanan on-line ensiklopediyasıdır. Ensiklopediya 253 dildə fəaliyyət göstərir. Bu saytdan ayda 7 mlrd. səhifə oxunur. Azərbaycan dilində vikipediya isə 2004-cü ildə www.az.wikipedia.org ünvanı altında fəaliyyətə başlamışdır. Hal-hazırda azərbaycan dilində olan məqalələrin sayı 21 mindən çoxdur. Bəs Azərbaycan vikipediyasının bu günkü vəziyyəti hansı durumdadır? Hamımızın çox rahat bir şəkildə informasiya götürdüyümüz sayt necə işləyir?
Bəzən istədiyimiz məlumatı azərbaycan dilində tapmayanda əsəbiləşirik, bəs sayta məlumatları kim qoymalıdır? Azərbaycan vikipediyasının adminstratorundan biri olan İradə Ələkbərovanın sözlərinə görə, “aktiv istifadəçilərin sayı çox azdır. İnsanlar ancaq informasiya götürürlər. Məqalələr yaradan, düzəlişlər aparan adamlar azlıq təşkil edir. Təsəvvür edin ki, ingilis vikipediyasinda 2,6 mln. məqalə, rus vikipediyasında 400 minə yaxın məqalə varsa, azərbaycanda bu cəmi 21 min təşkil edir. 50 milyonluq azərbaycanlı üçün kifayət qədər azdır. Bu gün vikipediyada erməni və azəri türklərinin kəskin müharibəsi gedir. Onlar üçün azərbaycan vikipediyası çox maraqsızdır. Ermənilər alman, ingilis, fransız və rus vikipediyalarında oturur və ölkələri haqqında informasiyaları yaymaqla məşğul olurlar. Azərbaycanda vikipediya ilə sırf həvəskarlar məşğul olursa, Ermənistanda bunun üçün sırf maliyyə vəsaiti ilə təmin olunan şəxslər işləyir. Rus adminstratorları hətta etiraf edirlər ki, onlar pulla müəyyən tapşırıq əsasında fəaliyyət göstərirlər. Günün istənilən saatı ermənilər vikipediyada Azərbaycanla bağlı məqalələri korlamaqla məşğuldurlar.
Saytda işləyənlərin çoxu məşhur politoloqlar, tarixçilər, jurnalistlərdir. Adi həvəskar azərbaycanlı tələbə üçün bu cür şəxslərlə müzakirə aparıb qalib gəlmək çox çətindir, bəzən müzakirələr aylarla davam edir. Ermənilər həmişə saytdakı azərbaycanlılara psixi təsir göstərirlər, azəriləri məcbur edirlər ki, kobud danışsınlar.
Vikipediyada kobudluq edən adam dərhal çıxarılır, onun komputerinin İP ünvanı bağlanır və o, vikipediyada düzəlişlər edə bilmir. Beləcə ermənilər onları saytdan kənarlaşdırıb, informasiyanı dəyişirlər. Bizdə isə vikipediyaya maraq çox azdır. Bir neçə həvəskarla həqiqəti çatdırmaq, yaymaq mümkün deyil. ” Azərbaycanda vikipediyaya ictimai maraq da azdır. Sadəcə bilgi bazası kimi istifadə edilir. Dünyada müşahidələr göstərmişdir ki, Vikipediya saytına müraciət edənlərin 50 %-ni 18-24 yaşında gənclər təşkil edir.
Nəzərə alsaq ki, Azərbaycanda internet istifadəçisi əsasən gənclərdir, onda mənzərə dəyişir. Deməli, Azərbaycan həqiqətlərini müxtəlif dillərdə gənc vətənpərvərlər dünyaya çatdırmalıdır.
Bunun üçün müəyyən həvəsləndirici layihələr təşkil edilməlidir. Çünki müharibədən qalib çıxmağın yollarından biri də öncə informasiya müharibəsini udmaqdır.