Fontu böyüt:
Vodafone şirkətinin Azərbaycandakı strateji tərəfdaşı Azərfon mobil operatorudur. Belə ki, 22 iyul 2009-cu il tarixdə bu iki şirkət arasında Bakıda strateji tərəfdaşlıq haqqında müqavilə imzalanıb. İmzalanan razılaşmaya qlobal Vodafone şirkətinin təqdim etdiyi bir sıra məhsul, xidmət və qurğuları Azərbaycanda tətbiq etməyə imkan verəcək.
Artıq Vodafone şirkətinin rəsmi saytında da Azərfon onun Azərbaycandakı tərəfdaşı kimi göstərilib. Lakin şirkətin saytına baxdıqda olduqca inanılmaz fakt diqqətimizdən yayınmadı. Belə ki, şirkətin internet səhifəsinin həmin bölümündə, “Vodafone” şirkətinin Ermənistanda da fəaliyyət göstərdiyi yer alıb.
Daha bir müdhiş fakt isə odur ki, Vodafone şirkətinin Ermənistandakı tərəfdaşı MTS qrupuna daxil olan “VivaCell” operatorudur. Bu isə həmin VivaCelldir, hansı ki, Qarabag Telekomla vahid ofisə, menecmentə, hətta baş müdirə malikdir. Bir sözlə, Qarabağ Telekom dedikdə, VivaCell, VivaCell dedikdə, Qarabag Telekombaşa düşmək lazımdır. Hər iki quruma Livan vətəndaşı olan Ralf Yirikyan rəhbərlik edir. Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyət göstərən Qarabag Telekom hətta qondarma respublikanın ən böyük sərmayə yatırımçısıdır.
Qeyd edək ki, VivaCell-in payının 80 faizi Rusiyanın MTS nəhənginə malikdir. Ona görə də bu şirkətə Azərbaycan hökumətinin təsir edə bilməməsi mümkündür. Lakin separatçı qurumun separatçı operatoru ilə tərəfdaşlıq edən Vodafone şirkətini Azərfonun özünə Azərbaycanda tərəfdaş seçməsi və bunu hökumət qurumlarının görməməsi təəccüb doğurur. Əgər biz əvvəllər MTS-i separatçı rejimə rabitə dəstəyi verməkdə və onun iqtisadiyyatına sərmayə qoymaqda günahlandırırdıqsa, indi bunu özümüz, oz şirkətimizin əli ilə etmiş oluruq. Vodafone Azərbaycandan qazandığı pulu Ermənistandakı tərəfdaşının inkişafına sərmayə və yaxud avadanlıqların alınmasına, yeni-yeni xidmətlərin göstərilməsinə xərcləyəcək.
Vodafone-VivaCell əməkdaşlığından danışarkən təhlükəsizlik məsələsini də unutmamaq lazımdır. Xatırlayırsınızsa, Türkiyədə rabitənin özəlləşdirilməsi parlamentdə müzakirə olunanda millət vəkilləri bu addımın dövlət təhlükəsizliyinə hədə yaratdığını bildirmişdilər. 21-ci əsrdə rabitənin siyasətdə, biznesdəki rolunu vurğulamaq artıq olardı. Necə deyərlər, indi bütün dünya elektronlaşıb. Ona görə də, eyni şirkətin müharibə vəziyyətində olan hər iki ölkənin ərazisində çalışması iqtisadi maraqlarla yanaşı, heç ölkənin təhlükəsizlik marağına da cavab vermir.
Transmilli korporasiyaların separatçı rejimin qondarma qurumları ilə əməkdaşlıq mövzusuna toxunarkən bu yaxınlarda beynəlxalq ödəniş şirkətləri ilə bağlı bir faktı xatırlayaq. Dağlıq Qarabağda yerli tərəfdaşları vasitəsilə fəaliyyət göstərən Moneygramm və Western Union şirkətlərinin fəaliyyətinə Azərbaycanda Mərkəzi Bank dərhal qadağa qoydu. Bu şirkətlərin hər iki top menecerinin Dağlıq Qarabağda fəaliyyətlərini dayandırdıqlarını rəsmən elan etdikdən sonra, Azərbaycanda işləməsinə yenidən imkan yaradılıdı. “Vodafone” ilə bağlı da analoji qərar qəbul ediləcəkmi, bunu zaman göstərəcək. Mövzunu davam etdirəcəyik. // Bizim Yol