Fontu böyüt:
Çinin «Huawei Technologies» şirkəti WiMAX texnologiyasının standartlaşması və sertifikatlaşması sahəsində ən böyük qeyri-kommersiya təşkilatı olan «WiMAX Forum»un Direktorlar Şurasına daxil olub. Bununla yanaşı şirkət «Intel Corporation» tərəfindən təsis edilmiş və WiMAX sahəsində əqli mülkiyyətə nəzarət edən Open Patent Alliance (OPA) təşkilatına da üzv seçilib.
«Huawei» şirkəti OPA-nın mütəxəssisləri ilə birgə avadanlıq istehsalçılarına yüksək texnologiyalı məhsulların yaradılması sahəsində daha böyük sərbəstlik vermək üçün WiMAX texnologiyasının standartlaşması üzərində işləyəcək.
Bununla yanaşı, «Huawei» şirkəti 4G həllər və simsiz genişzolaqlı qoşulma üzrə əqli mülkiyyət hüquqlarının müdafiəsinə də ciddi diqqət yetirəcək.
Beynəlxalq ekspertlərin qənaətinə görə, şirkətin «WiMAX Forum»da üzvlüyü WiMAX infrastrukturunun inkişafına imkan yaradacaq. Hazırda «Huawei» WiMAX texnologiyasını aktiv inkişaf etdirir və şirkətin vahid şəklə salınmış kompleks məhsulları və həlləri dünya üzrə böyük sayda operatorlara təqdim olunur.
«Huawei» şirkəti kompleks WiMAX həllərinin bütün spektrini təqdim edir. «Huawei»in təklif etdiyi WiMAX 2,5QQ və WiMAX 3,5QQ mobil rabitə baza stansiyaları «WiMAX Forum»dan sertifikat alıb.
Qeyd edək ki, «Huawei» şirkəti Azərbaycanda bir sıra dövlət telekommunikasiya layihələrində avadanlıq təchizatçısı kimi çıxış edir. Şirkətin Azərbaycanda əsas tərəfdaşı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, habelə onun nəzdində və təsisçiliyi ilə yaradılmış müəssisələrdir. APA