Fontu böyüt:
Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telecom» şirkəti Avtonəqliyyat Parkının İdarə Edilməsi (APİE) sisteminin tətbiqinə başlayıb.
Şirkətdən xeberler.az-a verilən məlumata görə, «Azercell»in APİE sistemi bütün Azərbaycan ərazisində və 147 ölkədəki 370 rouminq operator tərəfdaşı vasitəsilə nəqliyyat vasitələrinin online yoxlanılması, yüksək təhlükəsizlik səviyyəsində məlumata asan və sürətli çıxış imkanını təqdim edir.
Bu sistem vasitəsi ilə «Azercell» abunəçiləri avtomobillərinin dəqiq faktiki yerini müəyyən edir, hər müəyyən metrdən və ya dəqiqədən bir yerin dəyişdirilməsi, sürət, avtomobilin dayanması, hərəkəti, avtomobillər haqda (abunəçinin bir neçə avtomobili olduğu halda) asan və cəld hesabatlar və xəbərdarlığın alınması xidmətindən istifadə edə bilərlər.
Nəticədə, sistem şirkət tərəfindən istifadə edildikdə avtomobillərə və işçilərə tam nəzarət, yanacaq istifadəsinin və həmçinin avtomobillərin şəxsi məqsədlərlə istifadə olunması hallarının azaldılması, parklamanın optimallaşdırılması, yaxşılaşdırılmış nəqletmə vaxtı, nəqliyyat vasitələrində artmış təhlükəsizlik səviyyəsi təmin olunur.
APİE sisteminin arxitekturasında FM4100 - GPS və GSM sistemlərinə qoşulan xüsusi terminallardan istifadə olunur. Bu xidmətə 231* nömrələri ilə qoşulmaq olar, nömrələr 3 manat (ƏDV-siz) dəyərində olan Data tarif paketində olacaq və xətləri yalnız daxil olan zənglər üçün açıq olacaq, sabit aylıq istifadə haqqı isə 2 manat (ƏDV-siz) təşkil edir.
Xidmətə qoşulmaq üçün nəzərdə tutulmuş xüsusi cihazın qiyməti (quraşdırma haqqı daxil olmaqla) 310 manat təşkil edir və abunəçilər cihazı kredit və lizinq şərtləri ilə əldə edə bilərlər. Texniki təminat və quraşdırılma xidmətləri «Hermes GPS» şirkəti tərəfindən göstərilir.