Fontu böyüt:
Dekabrın 3-də Sumqayıtda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən təşkil olunmuş seminar keçirilib.
Seminarın məqsədi Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, regionlarda informasiya cəmiyyətinin inkişaf etdirilməsi, əhali, eləcə də dövlət orqanlarında çalışan əməkdaşlar arasında maarifləndirmə və təbliğat işinin aparılması, kompüter savadsızlığının aradan qaldırılması məsələlərinin müzakirəsindən ibarət olub.
Seminarda Sumqayıt şəhərində dövlət orqanlarında işləyən informasiya texnologiyaları üzrə mütəxəssislərin, orta məktəblərdə çalışan informatika müəllimlərinin, həmçinin Sumqayıt Dövlət Universitetinin professor, müəllim və tələbə heyəti iştirak edib.
Tədbir çərçivəsində nazirliyin əməkdaşları və İKT sahəsi üzrə milli ekspertlər tərəfindən iştirakçılara Azərbaycanda formalaşan informasiya cəmiyyəti və elektron hökumət, elektron imza və elektron ticarət, İKT-nin təhsildə tətbiqi barədə məruzələr oxunub.
İştirakçılar Azərbaycanda bu sahədə həyata keçirilən layihələr barədə məlumatlandırılıb.
Məruzələr dinlənəndən sonra ekspertlər iştirakçıların suallarını cavablandırıblar, eləcə də səslənən məruzələr və İKT-nin ölkədə tətbiqinə dair müzakirələr aparıblar.