Fontu böyüt:
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) Gürcüstan prezidentinin anası, Gürcüstan Universitetinin Himayədarlar Şurasının sədri Dr. Qiuli Alasaniyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
RİTN mətbuat xidmətindən verilən məlumata görə, görüşdə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycan və Gürcüstan dövlət başçılarının məqsədyönlü siyasəti sayəsində iki ölkə arasında uğurlu əməkdaşlıq əlaqələrinin daha da genişləndiyini xüsusi vurğulayıb, ölkəmizdə İKT sektoru üzrə həyata keçirilən işlər barədə geniş məlumat verib.
Gürcüstan Universitetinin Himayədarlar Şurasının sədri xanım Qiuli Alasaniya Gürcüstanın elm və təhsil sistemi barədə ətraflı məlumat verib, Gürcüstan dövlətinin yeni müəyyənləşdirdiyi prioritetlərə əsasən dəqiq və texnoloji elmlərin tədrisinə xüsusi diqqət verildiyini, bu ixtisaslara cəmiyyətdə tələbatın artdığını bildirib və bu sahədə həyata keçirilən tədbirlər barədə danışıb.
Azərbaycanda İT üzrə Beynəlxalq Universitetin yaradılmasının nəzərdə tutulduğunu bildirən Ə.Abbasov Azərbaycanda təhsil müəssisələrinin beynəlxalq standartlara uyğunlaşdırıldığını, universitetlərdə İT üzrə yeni fakültələrin açıldığını vurğulayıb, həmçinin son illər azərbaycanlı gənclərin xarici ölkələrdə texniki ixtisaslar üzrə təhsil almaları üçün geniş imkan yaradıldığını qeyd edib.
Görüş zamanı İKT-nin tətbiqi ilə bağlı gələcək perspektivlər barədə söhbət aparılıb.