Fontu böyüt:
Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) biometrik texnologiyalar sahəsində elmi tədqiqatlar “Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə 2007-2012-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üçün zəruri olan bir neçə istiqamətdə müəyyən edilib.
İnstitutda milli biometrik eyniləşdirmə sisteminin tədqiqi, biometrik texnologiyaların testləşdirilməsi, biometrik sistemlərin təhlükəsizliyinin qiymətləndirilməsi, mövcud biometrik texnologiyaların təkmilləşdirilməsi və yeni texnologiyaların işlənməsi istiqamətlərində bir sıra elmi nəticələr əldə olunub.
İTİ–də biometrik texnologiyalar üzrə dünyanın aparıcı elmi-tədqiqat mərkəzləri ilə əməkdaşlıq edilməsinə xüsusi fikir verilir. San-Xose Dövlət Universiteti və ABŞ-ın Milli Biometrik Test Mərkəzi ilə biometrik sistemlərin təhlükəsizliyinin qiymətləndirilməsi üzrə birgə tədqiqat işləri aparılır. Bu tədqiqatların gedişində toplanmış təcrübə əsasında amerikalı tərəfdaşların tövsiyəsi və dəstəyi ilə biometrik texnologiyalara dair kitabın hazırlanması qərara alınıb. AMEA-nın müxbir üzvü R.Əliquliyev, texnika elmləri namizədi Y.İmamverdiyev və V.Musayevin müəllifi olduqları “Biometrik texnologiyalar” kitabı artıq nəşriyyata təqdim edilib.
Kitabda müxtəlif biometrik texnologiyaların müasir vəziyyəti və inkişaf meyilləri təhlil olunub. Barmaq izləri, sifət şəkli, gözün qüzehli qişası, səs, DNT əsasında biometrik sistemlər ətraflı izah edilib. Biometrik sistemlərin iş xarakteristikalarının testləşdirilməsi, təhlükəsizliyi, elektron pasportlar da kifayət qədər araşdırılıb.
Qeyd edək ki, Biometrik texnologiyalar üzrə Azərbaycan dillində bu ilk kitabın başqa dillərə tərcüməsi də nəzərdə tutulur. http://azertag.com/