Fontu böyüt:
Bu gün Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Bakıda səfərdə olan ABŞ prezidentinin elm məsələləri üzrə xüsusi nümayəndəsi xanım Elis Qastın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlikdən verilən məlumata görə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin fəaliyyəti, dövlət proqramları və həyata keçirilən genişmiqyaslı layihələr haqda məlumat verən Ə.Abbasov ölkədə qeydə alınan dinamik iqtisadi inkişaf fonunda İKT sektorunda da son illər yüksək nəticələrin əldə olunduğunu qeyd edib.
Azərbaycanın təşəbbüsü ilə region üçün də böyük əhəmiyyət kəsb edən Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsi barədə danışan nazir 2009-cu ildə BMT-nin xüsusi qətnaməsi ilə yüksək qiymətləndirilən layihəyə qərb ölkələrinin, o cümlədən ABŞ-ın aparıcı İKT şirkətlərinin böyük marağı olduğunu bildirib.
Görüş zamanı, həmçinin, ABŞ-ın «Microsoft», «Cisco», HP, «Intel» kimi şirkətləri ilə sıx əməkdaşlıq əlaqələrinin mövcudluğu, sözügedən şirkətlərlə region üçün mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirildiyi qeyd olunub.
Öz növbəsində E.Qast Azərbaycanda elmin inkişafında müsbət dəyişiklik müşahidə olunduğunu bildirərək ABŞ tərəfindən azərbaycanlı gənclərin İKT sahəsində təhsillərini ABŞ universitetlərində davam etdirməsinə yardımçı olacağını, bu sahədə əməkdaşlıq əlaqələrinin dərinləşməsi üçün çalışacağına söz verib. Eyni zamanda qonaq elmi nəticələrin iqtisadiyyatda və istehsalatda tətbiqi, innovativ ideyaların həyata keçirilməsi, elmi nəticələr əsasında Azərbaycanda istehsal prosesinə nail olunması, enerji, informasiya texnologiyaları və nanotexnologiyalar istiqamətlərinə diqqət yetirilməsi üçün istənilən köməyin göstərilməsinə yardımçı olacaqlarını da bildirib.