Fontu böyüt:
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaxın vaxtlarda “Azercell Telekom” şirkətinə 3G xidmətlərinin göstərilməsi üçün nəzərdə tutulmuş lisenziyanı təqdim etmək niyyətindədir.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov APA-ya bildirib ki, bu yaxınlarda “Azercell” şirkəti RİTN-ə məktubla müraciət edib və lisenziyanın alınması üçün nəzərdə tutulmuş bütün sənədləri təqdim etdiyini bildirib: “Onlarla aparılan danışıqlar nəticəsində məlum olub ki, daha bir neçə sənədin hazırlanması vacibdir. “Azercell” şirkəti bütün sənədləri topladıqdan sonra onlara da müvafiq 3G lisenziya veriləcək”.
Xatırladaq ki, Azərbaycan Nazirlər Kabineti «Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan Əlavə Şərtlər»ə edilən əlavələrə əsasən, üçüncü nəsil mobil rabitə xidmətləri sahəsində fəaliyyətə lisenziya almaq üçün iddiaçı şəbəkənin istismara verilməsi mərhələləri, şəbəkədə istifadə olunacaq avadanlıqların texniki xarakteristikası, təşkil olunacaq xidmətlərin növləri və əhatə dairəsi, 3G eksperimental zonasının yaradılması təcrübəsi barədə məlumat və «Azərbaycan Respublikasının radiotezliklər spektrindən perspektiv istifadə planı»na uyğun olaraq radiotezliklərdən istifadənin mümkünlüyü barədə Radiotezliklər üzrə Dövlət Komissiyasının rəyini təqdim etməlidir.