Fontu böyüt:
Frankfurtda keçiriləcək Dünya Azərbaycanlı Gənclərin I Konqresi çərçivəsində “Virtual həftə sonu məktəbi»nin təqdimatı olacaq. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, bu yeni layihə barədə iştirakçılara və qonaqlara Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev məlumat verəcək. Layihənin məqsədi xarici ölkələrdə yaşayan azərbaycanlı uşaqlara və gənclərə müasir informasiya texnologiyaları vasitəsilə ana dili, Azərbaycan tarixi, mədəniyyəti və coğrafiyasının tədris edilməsi, soydaşlarımızın milli ruhda tərbiyə olunmasına xidmət etməkdir.
\\Virtual həftə sonu məktəbi\\ xarici ölkələrdə yaşayan və Azərbaycan haqqında yetərli bilgisi olmayan hər bir azərbaycanlı gəncə virtual məkanın imkanlarından istifadə edərək ana dilini öyrənmək, doğma Vətənin tarixini, coğrafiyasını, ədəbiyyatını və mədəniyyətini mənimsəmək imkanı yaradır. Burada bir neçə istiqamət üzrə məlumat əldə etmək mümkündür. “Ana dili” bölməsində Azərbaycan dilinin qrammatikası, fonetika, leksika, morfologiya, köməkçi nitq hissələri, sintaksis dərsləri yerləşdirilib. Burada Azərbaycan dilinin qanunauyğunluqları barədə ətraflı məlumat əldə etmək olar. Bölmədə hər bir mövzu ayrıca dərs kimi yerləşdirilib. “Azərbaycan coğrafiyası” bölməsində Azərbaycanın fiziki və iqtisadi coğrafiyası barədə məlumatlar öz əksini tapıb. Burada Azərbaycanın relyefi, flora və faunası, iqlimi barədə ətraflı məlumat verilir. İqtisadi coğrafiya alt bölməsində Azərbaycanın iqtisadi regionları, onların ölkənin iqtisadi sistemində yeri və rolu, ölkəmizin təbii sərvətləri, sənaye və kənd təsərrüfatının inkişaf tempi barədə informasiyalar yer alıb. “Azərbaycan tarixi” bölməsi Azərbaycanın ən qədim dövrlərdən müasir günümüzə qədər olan tarixini əhatə edir. Bu bölmədə tarixi proseslər barədə xronoloji ardıcıllıqla məlumat verilib.
“Azərbaycan tarixi” bölməsindən, həmçinin Azərbaycan ərazisində yaranmış dövlətlər, onların taleyi, xalqımızın görkəmli tarixi şəxsiyyətləri haqqında zəruri məlumatları əldə etmək mümkündür Layihənin həyata keçirilməsinə 2009-cu ildə başlanılıb. Bu zaman müxtəlif ölkələrin bu sahədəki təcrübəsi öyrənilib. Layihə Azərbaycan Təhsil Nazirliyinin müvafiq tədris proqramları, dərs vəsaitləri, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının test vəsaitləri əsasında hazırlanıb. // APA